2026-cı il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 385,7 min nəfər olub.
FED.az biznes və maliyyə xəbərləri Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki. bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 72,5 min nəfər və ya 1,4% artım deməkdir. Məşğul əhali 5 milyon 105,9 min nəfər olub, 2025-ci ildə isə 5 030,4 min nəfər təşkil edirdi. Beləliklə, məşğul əhalinin sayı bir ildə 75,5 min nəfər və ya 1,5% artıb.
Muzdla çalışan işçilərin sayı 2026-cı ilin fevralın 1-i vəziyyətinə 1 782,0 min nəfər olub. Ötən il eyni dövrdə bu göstərici 1 757,0 min nəfər təşkil etmişdir, yəni illik artım 25,0 min nəfər və ya 1,4% olub.
ektor bölgüsü üzrə statistik göstəricilər göstərir ki, dövlət sektorunda muzdla çalışan işçilərin sayı 861,4 min nəfər olub və 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,1 min nəfər və ya 2,1% azalıb. Qeyri-dövlət sektorunda isə işçilərin sayı 920,6 min nəfər təşkil edib və illik müqayisədə 43,1 min nəfər və ya 4,9% artım müşahidə olunub.
İqtisadiyyatın sahələr üzrə payında neft-qaz sektorunda 30,6 min nəfər fəaliyyət göstərərək 1,0 min nəfər və ya 3,2% azalma qeydə alınıb. Qeyri-neft-qaz sektorunda isə işçilərin sayı 1 751,4 min nəfər olub və illik müqayisədə 26,0 min nəfər və ya 1,5% artım müşahidə edilib.
Müəssisə və təşkilatlarda muzdla işləyənlərin 22,6 faizi məhsul istehsalı sahələrində çalışıb: 7,6 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində çalışanların payı isə belə olub: 18,6% ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,3% təhsil, 8,6% səhiyyə və sosial xidmətlər, 6,2% dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7% turizm və ictimai iaşə, 4,4% nəqliyyat və anbar təsərrüfatı, 3,8% peşə, elmi və texniki fəaliyyət, 3,6% inzibati və yardımçı xidmətlər, 2,8% istirahət, əyləncə və incəsənət, 2,4% maliyyə və sığorta fəaliyyəti, 1,9% informasiya və rabitə, 1,1% digər xidmət sahələri və 1,0% daşınmaz əmlakla əlaqədar əməliyyatlar.
Məlumatlar göstərir ki, məşğul əhalinin əsas hissəsi qeyri-neft-qaz sektorunda fəaliyyət göstərir və həm məhsul istehsalı, həm də xidmət sahələrində paylar müxtəlif sahələr üzrə tarazlanıb.