AZ

Sülh naminə...

Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır

Rusiya-Ukrayna müharibəsi 4 ildən artıqdır ki, davam edir. Son zamanlar tərəflər arasında döyüşlər səngiməsə də, müharibənin dayandırılması üçün diplomatik təşəbbüslər artmışdı. ABŞ-ın vasitəçilik təşəbbüsləri fonunda tərəflər bir sıra görüşlər keçirmişdi. Lakin ABŞ-ın İranla müharibəyə başlaması Ukrayna problemini bir qədər arxa plana keçirib.

Kiyev niyə narahatdır?

Qeyd edək ki, 2022-ci il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə yüz minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb.

Hazırda ABŞ-ın əsas diqqətinin İrana yönəlməsi rəsmi Kiyevi və onun müttəfiqlərini ciddi narahat edir. Kiyev problemin beynəlxalq birliyin gündəmindən düşməməsinə çalışır. Avropa İttifaqı (Aİ) da Ukrayna probleminin həllinin beynəlxalq gündəmdən çıxmamasının tərəfdarıdır. Ukraynadakı vəziyyətlə bağlı gələcək müzakirələrdən danışan Aİ-nin ali nümayəndəsi Kallas Yaxın Şərqə olan diqqətin Ukraynadakı vəziyyətdən yayındırılmamasının vacibliyini vurğulayıb. “ABŞ-ın Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaların yumşaldılması arzuolunmaz presedent yarada bilər, çünki indiki vəziyyətdə Rusiyanın müharibəni davam etdirmək üçün maliyyə resurslarını məhdudlaşdırmaq vacibdir. Hörmüz boğazının bağlanması da Rusiyanın xeyrinə olmaqla ona bu müharibəni maliyyələşdirməyə imkan verir” - deyə, o bəyan edib.

Hakan Fidan tərəflərə çağırış etdi

Belə bir şəraitdə rəsmi Ankara yenidən sülh üçün tərəfləri bir araya gətirməyə hazır olduğunu bəyan edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında deyib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh prosesinə təsir etməməlidir. “Müzakirələrin növbəti raundu üçün Türkiyə ev sahibliyi etməyə hazırdır”,- deyə H. Fidan bildirib və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirilən son telefon danışığını xatırladıb: “Söhbət zamanı Moskva ilə Kiyev arasında sülhün əldə olunması istiqamətində fikir mübadiləsi aparılıb”.

Xatırladaq ki, müharibənin başladığı ilk vaxtlardan regionun ən güclü dövlətlərindən biri olan Türkiyə sülh naminə tərəflər üçün vasitəçilik və danışıqlara ev sahibliyi edib. Bütövlükdə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Həqiqətən də Türkiyə sülh, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm  Kreml, həm də  Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  hər iki ölkənin lideri ilə danışıqlar aparır.

Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin  bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. Xatırladaq ki, 2022-ci ildə Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan vermişdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsində baş verdi. Eləcə də Türkiyənin təşəbbüsü ilə 2022-ci  il iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirilmişdi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Sazişə uyğun olaraq, İstanbulda Rusiya və Ukrayna, BMT və  Türkiyə nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzi yaradılmışdı. “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə onmilyonlarla ton Ukrayna taxılı daşındı. Saziş Türkiyənin fəal diplomatiyası nəticəsində bir neçə dəfə uzadıldı. Lakin Qərb dövlətlərinin öz vədlərini yerinə yetirməməsi  səbəbindən Rusiya taxıl sazişinin uzadılmasından imtina etdi.

Kiyev və Moskva Türkiyəyə inanır

Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Bu proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti də xüsusi vurğulanmalıdır. Məhz bu səbəblərə görə, Ərdoğanın Nobel mükafatına layiq görülməsi təklif olunmuşdu. Çünki Rəcəb Tayyib Ərdoğan Türkiyənin lideri olaraq Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təkcə çağırışlar etmir, eyni zamanda, vacib addımlar atır.

Türkiyədən fərqli olaraq, Qərb ölkələri münaqişənin davam etməsində maraqlı görünür. Onlar öz maraqları naminə Ukraynanı qurban verir və müharibənin mümkün qədər uzanmasına çalışır. Sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, reallıqda Qərbin Kiyevə hərbi dəstəyi xeyli azalıb. Bu səbəbdən də, hazırda Ukrayna döyüş bölgəsində ciddi çətinliklərlə üz-üzə qalıb, silah-sursata ehtiyac artıb. Bu səbəbdən rəsmi Kiyev tərəfdaşlarından narazılığını açıq-aydın ifadə edir.

N.BAYRAMLI

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr