AZ

Fransa nüvə hava zərbəsini simulyasiya edib

Yazını böyüt
Yazını kiçilt

Fransanın Hərbi Hava və Kosmik Qüvvələri martın 17-dən 18-nə keçən gecə “Poker” adlı genişmiqyaslı hərbi təlim çərçivəsində nüvə hava zərbəsinin simulyasiyasını həyata keçirdiyini açıqlayıb. Təlim zamanı Fransa səmasında 40-a yaxın hərbi hava vasitəsi iştirak edib.

Hafta.az xəbər verir ki, qurumun X platformasında yaydığı məlumata görə, əməliyyat ölkənin istənilən an hazır olmaq qabiliyyətini qorumaq və nüvə çəkindirmə strategiyasının etibarlılığını təmin etmək məqsədi daşıyır.

Məlumata əsasən, təlimdə “Dassault Rafale” və “Mirage 2000” qırıcıları, “AWACS” tipli erkən xəbərdarlıq və idarəetmə təyyarələri, eləcə də “Airbus A330 MRTT” yanacaqdaşıyan təyyarələr iştirak edib. Bu vasitələr uçuş zamanı təyyarələrin fəaliyyət radiusunu genişləndirməyə imkan verib.

Təlim ssenarisi çərçivəsində səkkiz “Dassault Rafale” havada yanacaq doldurduqdan sonra Fransanın mərkəzi istiqamətinə eniş manevri edərək nüvə zərbəsini imitasiya edib.

“Poker” təlimi Fransanın nüvə çəkindirmə sisteminin hava komponentinə cavabdeh olan Strateji Hava Qüvvələri tərəfindən təşkil olunur və 1964-cü ildən etibarən ildə təxminən dörd dəfə keçirilir. Bu cür təlimlər ordunun nüvə əməliyyatları həyata keçirmək qabiliyyətini nümayiş etdirmək və çəkindirmə siyasətinin inandırıcılığını gücləndirmək məqsədi daşıyır.

Təlim bu dəfə Fransanın geniş ərazisini əhatə edib. Təyyarələr əvvəlcə Bretan bölgəsi üzərində toplaşıb, daha sonra Atlantik sahili boyunca hərəkət edərək, Pireney və Aralıq dənizi istiqamətində marşrut üzrə uçuşlar həyata keçirib.

Seçilən
27
2
hafta.az

3Mənbələr