AZ

Televiziyada sosial verilişlərin bağlanması yeni mərhələnin göstəricisidir – Məleykə Əlizadə

Azərbaycan telekanallarında bir sıra şou xarakterli proqramların yayımdan qaldırılması televiziya məkanında yeni mərhələnin başlandığını göstərir. Bu sosial verilişlərin bağlanması cəmiyyətdə müzakirələrə səbəb olub.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə məsələ ilə bağlı QHT.az-a açıqlama verib.

Məleykə Əlizadə bildirib ki, uzun illərdir bu tip verilişlərin əleyhinə çıxış ediblər və bununla bağlı dəfələrlə müraciətlər ünvanlayıblar. Onun sözlərinə görə, həmin proqramlar müəyyən dövrlərdə ad və format dəyişsə də, eyni məzmunla fəaliyyətlərini davam etdiriblər.

M.Əlizadənin sözlərinə görə, bəzi hallarda verilişlər hətta öz adlarına da uyğun olmayıb. O qeyd edib ki, ölkədə həyata keçirilən islahatlar televiziya sahəsinə də təsir etməli idi və nəhayət bu prosesin nəticəsi artıq görünür.

Sədr vurğulayıb ki, bu qərar gec də olsa atılmış vacib addımdır və yüksək qiymətləndirilməlidir. O hesab edir ki, aidiyyəti qurumlar tərəfindən belə bir qərarın verilməsi onun zəruriliyini bir daha təsdiqləyir.

Məleykə Əlizadə bildirib ki, bu tip verilişlərdə ailə institutuna zərər vuran məqamlar geniş yer alırdı. Onun fikrincə, cəmiyyətdə gündəmdə qalmaq istəyən bəzi şəxslər həmin proqramlarda qeyri-ciddi çıxışlar edir, bu isə mənfi nümunələrin yayılmasına səbəb olurdu.

M.Əlizadənin sözlərinə görə, “Bu verilişlərdə nikahdan kənar uşaqların dünyaya gətirilməsi, çoxarvadlılıq və ailə dəyərlərinə zidd davranışlar dolayısı ilə təbliğ edilirdi”. O əlavə edib ki, belə hallar xüsusilə gənclər üçün yanlış istiqamət yaradırdı.

Sədr qeyd edib ki, bu verilişlər müxtəlif yaş qrupları üçün mənfi nümunələr ortaya qoyur, cəmiyyətə zərərli təsirlər göstərirdi. Onun sözlərinə görə, baxmayaraq ki, bu gün televiziya izləyicilərinin sayı azalıb və sosial şəbəkələrə maraq artıb, həmin proqramların məzmunu yenə də sosial mediada geniş yayılırdı.

Məleykə Əlizadə bildirib ki, kütləvi informasiya vasitələri ölkənin inkişafına, dövlətin möhkəmlənməsinə və milli dəyərlərin qorunmasına xidmət etməlidir. O vurğulayıb ki, media həm də yeni mədəniyyətin formalaşmasında mühüm rol oynayır.

Sədrin sözlərinə görə, “Yeni mədəniyyətin formalaşması milli dəyərlərin qorunaraq müasir tələblərə uyğun inkişaf etdirilməsi deməkdir”. O əlavə edib ki, bu proses Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasına da xidmət etməlidir.

M.Əlizadə həmçinin qeyd edib ki, televiziya məkanında qeyri-peşəkar və qalmaqallı məzmunların təşviqi cəmiyyət üçün təhlükəli tendensiyadır və bu hallar gənclər arasında yanlış həyat tərzinin formalaşmasına səbəb ola bilər.

Sonda sədr bildirib ki, sosial verilişlərin bağlanması təkcə televiziya sahəsində dəyişiklik deyil, ümumilikdə cəmiyyətdə sosial normaların dəyişməsi və yeni mərhələyə keçidin göstəricisidir.

Fatimə Nəbiyeva

Seçilən
60
qht.az

1Mənbələr