Günlərdir içməli su bu şəkildə küçəyə axır... Nəticədə küçə su ilə dolur və sakinlər ciddi çətinliklərlə üzləşirlər…
Xezerxeber.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D massivi, 29-cu binanın sakinləri deyirlər ki, ərazidə su boruları tez-tez partlayır. Onların sözlərinə görə, bu problem az qala hər həftə təkrarlanır.
Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, problem köklü şəkildə aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib. Əraziyə Suraxanı Sukanal İdarəsinin qəza briqadası cəlb edilib. Xəttin təmiri və bərpası istiqamətində işlər görülür.
Sakinlər isə bildirirlər ki, su xəttinin təmiri müvəqqəti olmamalı, daimi həll yolu tapılmalıdır. Onlar su xəttində belə qəzaların yenidən təkrarlanmamasını istəyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.