Bəzi yerlərdə 100, bəzi yerlərdə bu məbləğin on qatı... Paytaxt qəbiristanlıqlarında qəbir yerləri pulla satılır..
Sevdiklərimizi tapşırdığımız torpağa bu qiyməti kim, kimlər qoyur?, Vətəndaşlar bu məsələdə nə düşünür?
Xezerxeber.az-ın xəbərinə görə, Qaradağ məscidinin axundu deyir ki, qəbir yerlərinin satılması qanunsuzdur amma yer seçimi edirsənsə, onda əlini cibinə atmalısan, özü də nə az nə çox, yüzlərlə manat üçün.
Faiq Əhmədov deyir ki, rəsmi olmasa da, qəbir yeri qazanlara da mərhumun yaxınları tərəfindən pul verilir.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirildi ki, Nazirlər Kabinetinin 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən, qəbiristanlıqların idarə olunması və bu sahədə xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətlərinə aid edilib. Qərara əsasən, Azərbaycan vətəndaşlarının, respublikamızda olan və ya yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, eləcə də kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Komitədən o da qeyd edildi ki, hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.