Şambo üsulu ilə kanalizasiya sistemi tarixə qovuşur.
Xezerxeber.az xəbər verir ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Müşfiqabad hövzəsində genişmiqyaslı tikinti-quruculuq işlərinə start verib. Layihənin ana xəttini gündəlik 75 min kubmetr tullantı suyunu təmizləməyə qadir olan nəhəng qurğu təşkil edir. Hazırda obyektin bir sıra əsas hissələrində betonlama işləri yekunlaşıb, qazıntı prosesi isə son mərhələdədir.
İşlərin miqyası kifayət qədər genişdir. Tullantı suları burada sadəcə axıdılmayacaq, həm də ultrabənövşəyi şüalarla təmizlənərək sənaye məqsədləri üçün təkrar istifadəyə yararlı vəziyyətə gətiriləcək. Kollektorların çəkilişində isə yeraltı qazma maşınları, mikrotunel texnologiyası tətbiq olunur.
Bu infrastruktur layihəsi təkcə texnoloji yenilik deyil. Xırdalan şəhəri, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrinin sakinləri üçün bu, onilliklərdir davam edən kanalizasiya probleminin tamamilə həlli deməkdir.
2025-ci ildə başlanan bu nəhəng layihənin 2028-ci ildə tam təhvil verilməsi planlaşdırılır. Nəticədə Abşeronun bu hissəsində subasma riskləri minimuma enəcək, tullantı sularının fasiləsiz və təhlükəsiz daşınması təmin olunacaq. Ən əsası isə Ceyranbatan su anbarı ətrafındakı qrunt suları tənzimlənəcək, ekoloji tarazlıq bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.