“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Artıq neçənci dəfədir ki, layiq olmadığımız halda məğlub oluruq. Üstün oynayırıq, qol epizodları bizdə çox olur. Təəssüf ki, bunları dəyərləndirə bilmirik. Bu gün rəqibə heç epizod vermədik və öz qapımıza qol vurduq. Amma buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular, təslim olmadılar. Bu ayda 5-ci oyunumuz idi. Heyətdə çox dəyişiklik edə bilmirik. Sevinirəm ki, “Araz-Naxçıvan” kimi komandaya qarşı üstün oynadıq. Belə məğlubiyyətlər olur. Bəlkə də indi xalımız çox olardı. Bir çox matçda yaxşı oynamışıq, amma fürsətləri dəyərləndirə bilməmişik. Son ötürmələrdə, son zərbələrdə inkişaf etməliyik. Buna vaxt lazımdır. Çempionat davam edir. Fasilədən sonra yaxşı hazırlaşıb sona qədər mübarizə aparacağıq.
Bizim bir neçə futbolçumuz U-21 millisinin əsas oyunçularıdır. Əsas milliyə də kimisə çağırmaq istəyərdim. Bir neçə gənc oyunçu stabil çıxış edir. Həm də bunu haqq edirlər. Amma U-21-in iki çətin oyunu var. Biz onları da fikirləşirik. Bu futbolçular böyük oyunları da oynamalıdır. İstəyirəm ki, onlar əsas milliyə gələndə hazır olsunlar. Əsas millidə 10-15 dəqiqə oynamaqdansa, U-21-in heyətində Portuqaliyaya qarşı 90 dəqiqə oynamaq daha yaxşı olar”.
