AZ

Fidan Hacıyeva Misir fironunun qızı Amneris obrazında sevgi, qısqanclıq, ümidsizlik FOTO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Heydər Əliyev Sarayında dünya klassikasının incilərindən biri olan, dahi italyan bəstəkarı Cüzeppe Verdinin "Aida" operasının yeni dekorasiya və kostyumlarla təqdim olunan möhtəşəm premyerası böyük uğurla baş tutub.

Milli.Az xəbər verir ki, gecənin ən yaddaqalan hadisələrindən biri Radames partiyasının dünya şöhrətli tenor, Azərbaycanın xalq artisti Yusif Eyvazov tərəfindən ifa olunması olub.

Əsas rollardan biri - Amneris obrazını Azərbaycanın xalq artisti Fidan Hacıyeva canlandırıb. Amneris Misir fironunun qızı, güclü və hakimiyyətli, Radamesə aşiq bir qadındır. Bu obraz operanın əsas dramatik xəttini - Amneris, Aida və Radames arasında sevgi üçbucağını açır. Əgər Aida sevgi və fədakarlığın simvoludursa, Amneris güc, hakimiyyət, qısqanclıq və daxili dramı təcəssüm etdirir.Fidan Hacıyeva bildirib ki, Amneris partiyası onun üçün ən sevimli, eyni zamanda ən mürəkkəb rollardan biridir. Onun sözlərinə görə, opera ifaçısı üçün təkcə güclü səs deyil, həm də aktyorluq ustalığı vacibdir. Obrazı daxilən yaşamaqla tamaşaçıya hisslərin dərinliyini çatdırmaq mümkündür."Bu partiya mezzo-soprano üçün ən çətinlərdən hesab olunur. O, yalnız güclü səs deyil, həm də dərin emosional yanaşma və aktyorluq bacarığı tələb edir. Verdi musiqisi dramatizm, əzəmət və gözəlliklə zəngindir. Amneris obrazı xüsusilə dördüncü pərdədə - məhkəmə səhnəsində parlaq şəkildə açılır. Bu, operanın kulminasiya nöqtəsidir.Qəhrəman sevgi, qısqanclıq və ümidsizlik kimi mürəkkəb hissləri yaşayır və faktiki olaraq əsərin dramatik mərkəzinə çevrilir", - deyə sənətçi qeyd edib.Onun sözlərinə görə, duetlərin birində o, obrazın təsiri altına o qədər düşüb ki, qəhrəmanın hisslərini real olaraq yaşayıb. Məhz belə yanaşma ifanı canlı və inandırıcı edir.Fidan Hacıyeva Yusif Eyvazov ilə əməkdaşlıqdan da xüsusi zövq aldığını vurğulayıb. Onlar konservatoriya illərindən tanış olsalar da, böyük səhnədə ilk dəfə birlikdə çıxış ediblər."Yusif Eyvazov səhnənin ustasıdır, çox səmimi və mehriban insandır. Onun xüsusi enerjisi var və bu, səhnədə tərəfdaşlara da ötürülür. Yaradıcı kollektivin - aktyorların, musiqiçilərin, rejissorların, eləcə də kostyum və dekorasiya üzərində çalışanların yüksək peşəkarlığını xüsusilə qeyd etmək istərdim. Belə bir komanda ilə işləmək böyük zövq idi. Tamaşaçılar bizi çox səmimi qarşıladı və bu, açıq şəkildə hiss olunurdu", - deyə o əlavə edib.Sənətçi gələcək planları barədə də məlumat verib. Bu ilin payızında onun adını daşıyan və yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunan üçüncü Beynəlxalq opera festivalı keçiriləcək."Festivalın proqramı çox zəngin olacaq. On gün ərzində müxtəlif ölkələrdən dəvət olunan sənətçilərin iştirakı ilə konsertlər, gənc ifaçıların və tələbələrimin çıxışları, həmçinin yeni səhnə layihələri təqdim olunacaq. Əsas məqsədlərdən biri gənc ifaçılara dəstək verməkdir. Sevimli tamaşalardan biri olan "Karmen" yenilənmiş formatda - müasir vizual həllər, süni intellekt və yeni kostyumlarla təqdim olunacaq. Bundan əlavə, yaradıcılıq yolum haqqında sənədli film də çəkilməsi planlaşdırılır", - deyə Fidan Hacıyeva bildirib.

Beləliklə, qarşıdan gələn festival təcrübəli sənətkarlarla gənc istedadları bir araya gətirən parlaq mədəni hadisə vəd edir.Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

9Mənbələr