Ermənistanda yeni konstitusiyanın əsas mətni artıq hazırlanıb, lakin sənədin preambulası hələ işlənməyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ədliyyə naziri Srbui Qalyan məlumat verib.
“Əsas qanunda Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın qalıb-qalmaması məsələsi hələ də açıqdır, çünki qüvvədə olan konstitusiyada bu istinad məhz preambulada yer alır”, deyə nazir açıqlama verib. Nazir bildirib ki, hakimiyyət layihənin açıqlanmasını gecikdirmək niyyətində deyil. Sitat: “Sənədin əsas hissəsi parlament seçkilərindən əvvəl-iyun ayına qədər ictimaiyyətə təqdim oluna bilər, preambula isə hazır olduqdan sonra ayrıca dərc ediləcək”.
Onun sözlərinə görə, hazırda layihə hakim Vətəndaş Müqaviləsi Partiyasının fraksiyasında və rəhbərliyində müzakirə olunur. Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın yer almamalı olduğunu bildirib və onun fikrincə, bu, potensial münaqişə riski yaradır.

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a şərhində xatırladıb ki, 1989-cu ildə SSRİ Ali Sovetində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə qərarın əsasında Ermənistan Müstəqillik Bəyannaməsi qəbul olunub:
“Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı etiraz etdiyi hissə əsas mətndə yox, preambula hissəsində öz əksini tapıb. Preambula isə konstitusiyanın birbaşa tərkib hissəsidir. Konstitusiya hüquqi sənəd olmaqla yanaşı, siyasi-ideoloji baza rolunu oynayır. Preambulada dövlətin məqsədləri, siyasi, tarixi əsasları öz əksini tapır. Bu baxımdan Ermənistan Konstitusiyasının preambula hissəsinin dəyişməsi mütləqdir. Konstitusiyanın tərkib hissəsi olduğu üçün preambulanın ayrıca dəyişməsi mümkün deyil. Referendum keçirilə, konstitusiyanın ayrı-ayrı hissələri dəyişə bilər. Əgər referendum keçiriləcəksə, Ermənistan Konstitusiyasının dövlətin maraqlarına uyğun hər hansı hissəsi dəyişəcəksə, lakin preambula hissəsi qalarsa, bu, nəticə etibarilə Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin prinsiplərinə zidd olacaq. Sülh sazişinin mətninə əsasən, Ermənistan Azərbaycan ərazilərinə iddialardan imtina etməsi ilə bağlı öhdəlik götürür. Azərbaycana qarşı ərazi iddiası ola-ola sülh sazişini bağlamaq nonsensdir. Bu baxımdan Ermənistan Konstitusiyasının preambula hissəsi də referenduma çıxarılmalı və dəyişdirilməlidir. Əsas mətnlə preambula ayrı-ayrı səsverməyə çıxarılsa, zaman itkisi ola bilər. Bu, həm də razılaşmaya uyğun olmayacaq”.
Nigar Həsənli
Musavat.com