AZ

Dövlət qulluqçularının maaş sistemi dəyişdi Mükafatların ləğvi hansı riskləri yaradacaq?

ain.az, Bakupost saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, dövlət qulluğunda əməkhaqqı sistemi təkmilləşdirilir. Burada əsas diqqətçəkən məqam dövlət büdcəsi hesabına ödənilən həm kollektiv, həm də fərdi mükafatların ləğv edilməsidir.

Bakupost.az xəbər verir ki, bununla bağlı müvafiq qanunvericiliyə təklif olunan dəyişikliyi Milli Məclis təsdiqləyib.

İndiyədək dövlət qulluqçularına fəaliyyətlərinə görə verilən əlavə təşviq ödənişləri mühüm motivasiya alətlərindən biri hesab olunurdu. Bu vəsaitin həcmi bəzi hallarda əməkdaşın aylıq maaşının bir neçə mislinə qədər çatırdı.

Yeni yanaşmaya görə, əməkhaqqı sistemi daha sabit və vahid struktur üzərində qurulacaq. Lakin bu dəyişiklik əmək bazarı və dövlət qulluğunun cəlbediciliyi baxımından bir sıra ciddi suallar doğurur.

Reallıq ondan ibarətdir ki, dövlət sektorunda maaşların həcmi çox vaxt özəl sektorla müqayisədə rəqabətə davamlı deyil.

Bu fərqi qismən kompensasiya edən mexanizmlərdən biri də məhz mükafat və əlavə ödənişlər idi.

İndi isə bu alətin ləğvi fonunda mövcud maaş səviyyəsi ilə dövlət qulluğunun əmək bazarında rəqabət apara biləcəyi mümkünsüz görünür.

Onsuz da son illər gənclər arasında dövlət sektoruna marağın azalması müşahidə olunur. Normal təhsil almış çəxslər daha yüksək gəlir, daha çevik iş rejimi və daha geniş inkişaf imkanları təklif edən özəl sektora üstünlük verir.

Onlar hesab edir ki, dövlət qurumlarında iş rejimi adətən daha sərt, qaydalar isə daha çərçivəlidir. Bürokratik prosedurlar, məhdud qərarvermə imkanları və rigid idarəetmə modeli yeni nəslin gözləntiləri ilə çox zaman üst-üstə düşmür. Daha sərbəst və çevik mühitə üstünlük verən gənclər üçün bu amil də mühüm rol oynayır.

Belə bir şəraitdə əlavə ödənişlərin, mükafatların aradan qaldırılması dövlət qulluğunun cazibəsini daha da azalda bilər.

Digər tərəfdən, mükafatlar yalnız əlavə gəlir deyil, həm də performansa görə qiymətləndirmə aləti idi. Bu mexanizmin ləğvi motivasiya sisteminə də təsirsiz ötüşməyəcək.

Daha pisi də var. Bəzi ekspertlər hesab edir ki, gəlir imkanlarının məhdudlaşması dolayısı ilə qeyri-rəsmi qazanc meyllərini də artıra bilər. Bu isə şəffaflıq məqsədilə atılan addımın əks effekt verməsi riskini yaradır.

Dünya təcrübəsi göstərir ki, dövlət qulluğunda korrupsiyanın azaldılması üçün əsas şərtlərdən biri rəqabətqabiliyyətli əməkhaqqı və aydın motivasiya sistemidir.

Bu baxımdan, mükafatların ləğvi ilə paralel olaraq maaşların artırılması və performansa əsaslanan şəffaf qiymətləndirmə mexanizminin qurulması daha məqsədəuyğun olardı.

Əks halda, mövcud tendensiya daha da güclənə bilər: özəl sektor daha çox qazandırır, dövlət sektoru isə daha az motivasiya verir.

Bu isə seçim qarşısında qalan gənclərin qərarını əvvəlcədən müəyyən edəcək...

Azər

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
www.bakupost.az

1Mənbələr