Tanışını qətlə yetirməkdə təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.
Şahid Qabil Ibrahimov Kliniki Tibbi Mərkəzində həkim işlədiyini bildirib:
"2021-ci il 4 dekabr Samir Məmmədovu kəllə-beyin travması ilə qəbul edərək əməliyyata aldıq. O təxminən 1 ay komada qaldı. Fikrini tam aydın şəkildə çatdıra bilmirdi. Qohumları bildirdi ki onu iş yoldaşları döyüblər".
Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2021-ci ilin 4 oktyabr tarixində Bakının Binəqədi ərazisində baş verib.
Yevlax rayon sakini 1987-ci il təvəllüdlü Elçin Abdullayevi münaqişə zəmnində tanışı Samir Məmmədova ağır bədən xəsarətləri yetirərək, ölümünə səbəb olub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu