AZ

Yerli televiziyalar niyə tamaşaçını itirdi? » AzadMedia.az



Elnurə Abuşova yazır:

"Son illər yerli televiziya kanallarına marağın kəskin azalması artıq danılmaz faktdır. Bu, təsadüfi proses deyil, uzun müddət aparılan uğursuz və məsuliyyətsiz televiziya siyasətinin nəticəsidir.
Televiziya bir zamanlar ailənin bir araya gəldiyi, maarifləndirici və dəyər yönümlü məzmunun təqdim olunduğu əsas platforma idi. Bu gün isə bir çox hallarda efir məkanı ucuz sensasiya, qalmaqal və süni dramatika ilə doldurulur. Ailə və milli-mental dəyərləri qorumaq əvəzinə, onları kölgədə qoyan verilişlər uzun müddət efirdə üstünlük təşkil edib.
Nəticədə tamaşaçı alternativ axtarmağa məcbur qaldı. Bir çox ailələr yerli kanallardan tamamilə imtina edib. Bu, sadəcə seçim deyildi, etimadın itirilməsinin açıq göstəricisi idi.
Problemin ən həssas tərəflərindən biri isə uşaqlarla bağlıdır. Uşaqlar illərdir yerli televiziya məzmunundan uzaq düşərək xarici kanallara yönəlir. Bu isə yalnız dil vərdişlərinə deyil, eyni zamanda mədəni kimliyin formalaşmasına da təsir göstərir. Gələcək nəsillərin informasiya mənbəyi və dəyər sistemi artıq fərqli platformalar üzərindən formalaşır.
Digər tərəfdən, sosial şəbəkələr bu boşluğu qismən doldursa da, burada da keyfiyyət problemi açıq şəkildə hiss olunur. Peşə etikası və məsuliyyət anlayışı zəif olan şəxslərin informasiya sahəsində dominantlıq qazanması cəmiyyət üçün əlavə risklər yaradır.
Bu gün televiziya sahəsində çalışanlar və qərar verən şəxslər qarşısında ciddi sual dayanır: cəmiyyətə nə təqdim olunur? Maarifləndirici, inkişaf etdirici məzmun, yoxsa yalnız reytinq naminə hazırlanmış keyfiyyətsiz proqramlar?
Artıq cəmiyyətdə narazılıq açıq şəkildə hiss olunur. İnsanlar susmur, münasibət bildirir və dəyişiklik tələb edir. Bu isə müsbət siqnaldır.
Lakin illərlə yığılan problemlərin qısa müddətdə həll olunması mümkün deyil. Televiziyanı yenidən tamaşaçıya qazandırmaq üçün sistemli yanaşma, keyfiyyətli məzmun və ictimai məsuliyyət anlayışı əsas şərt olmalıdır.
Əks halda, ekranlar daha da boşalacaq".
Seçilən
56
1
azadmedia.az

2Mənbələr