AZ

İranda hakimiyyət daxilində çat? Prezidentin “dəli addımlar” ittihamı

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

İranın siyasi hakimiyyət strukturları daxilində gərginliyin artdığına dair iddialar yenidən gündəmə gəlib. Prezident Məsud Pezeşkianın İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) sərt tənqid etməsi bu müzakirələri daha da alovlandırıb.

Mövzu ilə bağlı Bakupost.az-a danışan Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov bildirib ki, bu cür gərginliklərin kökündə İranın özünəməxsus idarəetmə modeli dayanır:

“İranda prezident daha çox texnokrat funksiyası daşıyır. Halbuki İnqilab Keşikçiləri Korpusu ideoloji və təhlükəsizlik yönümlü güc mərkəzidir. Bu iki struktur arasında yanaşma fərqlərinin yaranması qaçılmazdır”.

Ekspert qeyd edib ki, xarici mənbələrdə səslənən “daxili böhran” iddialarına ehtiyatla yanaşmaq lazımdır:

“İsrail tərəfindən bu mövzuda yayılan məlumatlar böyük ehtimalla qarşılıqlı təbliğat müharibəsinin bir hissəsidir. Hazırda bu iddiaları təsdiqləyən konkret və etibarlı faktlar yoxdur”.

A.Hüseynovun sözlərinə görə, İranın siyasi sistemi spesifik balans mexanizmləri üzərində qurulub:

“Birinci eşalon çox vaxt zərbəni üzərinə alan, balans yaradan rol oynayır. Əsl idarəetmə isə daha dərin institusional mexanizmlər vasitəsilə həyata keçirilir. Bu baxımdan, genişmiqyaslı hakimiyyət böhranı ehtimalı hazırda real görünmür. Sistem indiyə qədər müxtəlif təzyiqlər qarşısında dayanıqlılığını qoruyub”.

Qeyd edək ki, son günlər əsas rejim fiqurlarının aradan götürülməsi fonunda Prezident Məsud Pezeşkian İİKK-nı sərt tənqid edərək, onun addımlarını “tələskənlik və dəlilik” kimi qiymətləndirib.

Bu fonda İsrailin 14-cü Kanalının İran üzrə analitiki Dror Balazadə daxili mənbələrə istinadən ölkənin ali hakimiyyət eşelonlarında “ciddi qarışıqlıq” yaşandığını iddia edib. Onun sözlərinə görə, Prezident Pezeşkian İİKK-nın fəaliyyətindən narazıdır və hətta istefa variantını da nəzərdən keçirir.

İddialara görə, gərginliyin əsas səbəbi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlıdır. Pezeşkianın bu hadisəni təhlükəsizlik boşluğu yox, daha ciddi siyasi məsələ kimi qiymətləndirdiyi bildirilir.

Rüfət Sultan, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
www.bakupost.az

1Mənbələr