Naxçıvan, 18 mart, AZƏRTAC
Bu gün Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə əziz şəhidlərimizi yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında mərasim təşkil etdik. Bildiyiniz kimi, Çanaqqala Zəfəri dünyanın ən mühüm döyüşlərindən biridir. Bu zəfər təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib. Onların göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim ən vacib məsuliyyətimizdir. Bu səbəbdən belə mərasimlərə böyük önəm veririk.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.
Baş konsul bildirib ki, bu günə qədər torpağına və millətinə sahib çıxan xalqların hər zaman uğurlu olduğu görülüb: "Türkiyə və Azərbaycan da bunun gözəl nümunələridir. Çanaqqalada, Qurtuluş savaşında, Qarabağda böyük zəfərlər qazanmışıq. İnşallah, Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin yanında olacaq. Fürsətdən istifadə edərək, Türkiyə və Azərbaycan torpaqları uğrunda şəhidlərimizi rəhmətlə və minnətdarlıqla yad edirəm. Ruhları şad olsun. İnşallah, bir daha müharibə görmərik, daim sülh və əmin-amanlıq içində yaşarıq".
"Yaxın günlərdə Ramazan bayramını və Novruz bayramını qeyd edəcəyik. Bu münasibətlə bütün azərbaycanlı qardaşlarımızın hər iki bayramını təbrik edirəm. Ailələri ilə birlikdə gözəl bayram keçirmələrini arzulayıram", -deyə Asip Kaya əlavə edib.
Müxbir- Nail Əsgərov