Bakı, 18 mart, AZƏRTAC
Kolumbiya-Ekvador sərhədi yaxınlığında baş verən bombardmanlar nəticəsində azı 27 dinc sakin həlak olub.
AZƏRTAC xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro bu barədə özünün sosial media hesabında yazıb. “Kolumbiya-Ekvador sərhədində baş verən bombardmanlar nə hava qüvvələri olmayan silahlı qruplar, nə də Kolumbiya təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilməyib. Mən belə bir əmr verməmişəm”, - deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, bombardmanların kim tərəfindən həyata keçirildiyi bilinmir.
Ekvador Prezidenti Daniel Noboa isə öz növbəsində Kolumbiya ərazisinə hücumlarla bağlı iddiaları təkzib edib. O, narko-kartellərə qarşı əməliyyatların yalnız ölkə daxilində aparıldığını vurğulayıb.