Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun həm ümumi gəlirlərdə, həm də ixracatda payının artırılması əsas hədəflərdən biridir. Praktik olaraq dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət iqtisadiyyatın diversifikasiyasının gücləndirilməsinə xidmət edir. 2026-cı ildə də bu meyillər davam edəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 57 faizinin qeyri-neft sektorunun payına düşəcəyi, həmçinin ÜDM-in 70 faizinin neft-qazdan kənar sektorlar hesabına formalaşacağı gözlənilir.
“Bu isə göstərir ki, 2026-cı ildə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər kifayət qədər genişdir və mövcud imkanlar həmin məqsədlərə çatmağa şərait yaradır. Neftin dünya bazarında qiymətinin artması Azərbaycana daxil olan valyutanın həcminin çoxalmasına səbəb olur. Çünki nəticə etibarilə bu, ölkəyə daha çox valyutanın daxil olması deməkdir. Neftin qiymətindəki artımlar enerji ixrac edən ölkələr üçün dövlət gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycanda qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu isə gündəlik təxminən 460 min barel neft hasilatı deməkdir. Kondensat hasilatı isə 111 min barel təşkil edib. Ümumilikdə ötən il gündəlik orta hesabla 571 min barel neft hasilatı qeydə alınıb. Hasil edilən neftin 23,1 milyon tonu ixrac olunub. Göründüyü kimi, neft Azərbaycanın ixracında əsas istiqamətlərdən biri olaraq qalır. Neftin dünya bazarında qiymətinin artması ixracın dəyərinə də təsir göstərir və ölkəyə daxil olan valyutanın həcmini artırır. Bununla belə, Azərbaycan neft bazarında daha stabil qiymətlərin formalaşmasında maraqlıdır”, - deyə Vüqar Bayramov qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycan regionda sülh və əməkdaşlığı dəstəkləyən ölkədir. Azərbaycanın İrana humanitar yardım göstərməsi də bunun əyani göstəricisidir: “Bu kontekstdə neft bazarında volatilliyin deyil, daha sabit və dayanıqlı tarazlığın formalaşması vacib hesab olunur. Neft gəlirlərinin artması iqtisadiyyatın şaxələndirilməsi üçün maliyyə imkanlarını da genişləndirir. Bu isə xüsusilə qeyri-neft sektoruna daha çox vəsait ayrılmasına və bu sahədə islahatların genişləndirilməsinə şərait yaradır. Bütün hallarda iqtisadiyyatın diversifikasiyası əsas prioritet olaraq qalır. Azərbaycanda həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun payının artırılması və dayanıqlı iqtisadi inkişafın daha da gücləndirilməsidir”. (Azərtac)