AZ

Laricanidən sonra növbə kimindir?

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ABŞ-İsrail cütlüyü üçün sadəcə yüksək səviyyəli bir düşmənin aradan qaldırılması demək deyildi. Bu qətlin daha dərin məqsədləri vardı. Əsas məqsəd isə İranın ali idarəetmə mərkəzində bölünmələr yaratmaq və onu daxili ziddiyyətlərə sürükləməkdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu siyasi şərhçi Heydər Oğuz deyib.

O, qeyd edib ki, Laricaninin İranın məqtul dini lideri Əli Xamenei tərəfindən bu yüksək vəzifəyə təyin olunduğu və özündən sonra xələfi vəzifəsində möhkəmlənənə qədər İranın idarəçiyinin faktiki olaraq ona tapşırılmış olduğu məlumdur:

“O ortadan qaldırıldıqdan sonra yerinə gətirilən istənilən şəxsin legitimliyi məsələsi ortaya çıxacaq və bu qeyri-müəyyənlik mövcud daxili güc mərkəzlərinin rəqabəti ilə dərinləşəcək. Nəticədə onsuz da var olan bölünmələr daha da genişlənəcək.

Qeyd edim ki, İranın mərkəzi idarəetmə orqanında ilkin bölünmələr Xameninin öldürülməsi ilə zatən ortaya çıxmışdı. Müctəba Xameninin yeni dini lider seçilməsi ilkin məlumatlara görə, 40 faiz əleyhinə, 60 faizlik səs çoxluğu ilə baş tutmuşdu. Ayətullah Möhsün Quminin etiraflarına görə, hətta dini lideri seçmək hüququna malik olan 88 nəfərlik Üləmalar Məclisinin (Ekspertlər Məclisi də deyirlər) üzvlərinin rəyini almaq üçün ilk cəhd uğursuz olmuş və ertəsi gün günortadan sonra SEPAH-ın da basqıları ilə baş tutan ikinci iclasda Müctəba Xamenei üzərində dayanılmışdı. Ona da Məclsin 40 faizə qədəri ümumiyyətlə səs verməmişdi.

Qomi açıqlamasında həmçinin iddia edir ki, yeni liderin seçilməsi ilə bağlı Müvəqqəti Rəhbərlik Şurası ilə SEPAH arasında da fikir ayrılığı var idi. Nəticədə tələm-tələsik keçirilən toplantıda Üləmaların dördə biri iştirak etməmişdi. Ayətullahın bu bəyanatı haqqında danışdığımız toplantının şəffaf şəkildə deyil, SEPAH-ın diktəsi altında keçirildiyini göstərir”.

Heydər Oğuz

H.Oğuz bildirib ki, Əli Laricaninin SEPAH və Üləmalar Məclisi arasında birləşdirici şəxs olduğuna dair mülahizələr var:

“İndi isə artıq molla rejimi bu birləşdirici qüvvəni də itirdi. Yəqin ki, bundan sonra elitlər arasında rəqabət daha bariz şəkildə özünü göstərəcək və mübahisələr bölünmələrə gətirib çıxaracaq.

Ən böyük problem Laricanini əvəz edəcək fiqurun seçilməsində olacaq. Onun yerinə radikal qrupla, böyük ehtimalla, Məhəmməd Baqir Qalibafı gətirməyə çalışacaqlar. Qalibaf isə fars-kürd qarışığı olan birisidir və ABŞ İranı parçalamaq üçün kürd faktorundan istifadə etməyi planlaşdırır. Bu da Qalibaf əleyhdarı olan qruplara əlavə stimul qazandıracaq və nəticədə islahatçılarla mühafizəkarlar arasında çat böyüyəcək.

Üstəlik, onu da unutmayaq ki, hər iki qanadda başqa iddiaçılar da var və böyük ehtimalla onlar da öz iddialarını ortaya qoyacaqlar”.

Onun sözlərinə görə, mollakratiya rejimi üçün ən ciddi təhlükə İsrailin seçilmiş yeni lideri də sui-qəsd yolu ilə ortadan qaldırma ehtimalıdır:

“Yəqin ki, bu periodik sui-qəsdlər rejimi tam əldən salana qədər davam edəcək. Açığı, Laricanidən sonra Məhəmməd Baqir Qalibafın ortadan qaldırılacağını düşünürəm. İranın hava hücumundan müdafiə sistemi olmadığından və səması ABŞ-İsrail təyyarələrinə tam açıq olduğundan bu cür təxribatların qarşısını almaq imkanları da yoxdur”.

Turan

NOCOMMENT.az 

Seçilən
97
nocomment.az

1Mənbələr