AZ

Narkoloji xəstələrlə bağlı işə qəbul qaydaları sərtləşdirilir

Narkoloji xəstələrlə bağlı əmək münasibətlərində bir sıra yeni tələblər və məhdudiyyətlər müəyyənləşdirilir.

News365.az-ın məlumatına görə, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 

Layihəyə görə, fəaliyyət növləri və vəzifələr üzrə məhdudiyyət nəzərdə tutulan sahələrdə işə qəbul zamanı işçilər dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi müayinə (yoxlama) haqqında rəy təqdim etməlidirlər. Bu rəy olmadan həmin şəxslərin müvafiq peşə və vəzifələrə işə qəbul edilməsi qadağan edilir.

Eyni zamanda, qanuna əlavə edilən müddəalara əsasən, narkoloji xəstə olan şəxslərlə bağlı əmək müqaviləsinə xitam verilməsi halları genişləndirilir. Belə ki, tibbi müayinə nəticəsində şəxsin narkoloji xəstə olması müəyyən edildikdə və ya bu cür şəxslərin fəaliyyət məhdudiyyəti tətbiq olunan peşə və vəzifələr üzrə işə qəbul edildiyi aşkarlandıqda əmək müqaviləsinə xitam verilə biləcək.

Bundan əlavə, işçinin sağlamlığına mənfi təsir göstərən ağır, zərərli və təhlükəli iş şəraitində, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və digər oxşar sahələrdə tibbi arayışı olmayan şəxslərlə əmək müqaviləsinin bağlanması da xitam üçün əsas kimi müəyyən edilir.

Seçilən
33
news365.az

1Mənbələr