AZ

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifadə olunub. Hər bir dəmliyə eyni miqdarda - 3 qram çay və 125 ml qaynar su əlavə edilərək 5 dəqiqə dəmlənməyə qoyulub.

Milli.Az xəbər verir ki, aparılan analizlər göstərib ki, qara çay xüsusilə şüşə və ya silika gel dəmliklərdə hazırlandıqda ən yüksək antioksidant səviyyəsinə malik olur. Şüşə materialı məsaməsiz olduğu üçün çayın tərkibindəki faydalı komponentləri suya daha yaxşı ötürür və çaya heç bir kənar maddə qarışmır.

Dad qiymətləndirilməsində isə saxsı dəmliklər birinciliyi əldə edib. Şüşə və paslanmaz polad dəmliklər isə ləzzət baxımından ikinci sırada qərarlaşıb. Maraqlıdır ki, estetik görünüşü ilə seçilən farfor (porselen) dəmliklər həm dad, həm də faydalı maddələrin sıxlığı baxımından ən aşağı nəticəni göstərib. Üstəlik, farforun çayı ən sürətli şəkildə soyudan material olduğu müəyyən edilib.

Araşdırma nəticəsində bəzi materialların sağlamlıq üçün riskli olduğu vurğulanıb:

Alüminium: İstiləşdikdə suya qarışma riski yüksəkdir və bu, sinir sistemi üçün təhlükə yarada bilər.

Mis: Qalayı getmiş mis dəmliklər ciddi zəhərlənmələrə yol aça bilər, ona görə də mütləq qalaylı olmalıdır.

Plastik: Qapağında və ya süzgəcindən plastik hissələr olan modellər (BPA riski səbəbindən) tövsiyə edilmir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
46
1
milli.az

2Mənbələr