“Hər il olduğu kimi bu il də ənənəvi olaraq Azərbaycanda Novruz və Ramazan bayramları münasibəti ilə uzunmüddətli tətil günü elan olundu”.
Bu sözləri turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, tətil günlərində Azərbaycan hüdudlarından kənara və daxili bölgələrə gedən turistlər var:
“Yəni bütün sektor Novruz və Ramazan tətilinə çıxdığına görə bölgələrdə otellərdə də sıxlıq yaranıb. Burda iki məqam var. Birincisi, Yaxın Şərqdə baş verən gərginlik fonunda aviareyslər təxirə düşüb. Faktiki olaraq, Şərq və Asiya ölkələrinə gedişdə müəyyən qədər çətinliklər yaranıb. Ona görə də turist kütləsi daxili bölgələrə daha çox üstünlük verirlər”.
Ekspert turistlərin hansı bölgələrimizə üz tutmasından da danışıb:
“Hazırda istər xarici, istərsə də daxili turistlər bölgələrimizə üstünlük verirlər. Xüsusən şimal istiqamətinə Quba, Qusar və Şəki, Qax, Zaqatala, Balakən bölgəsinə turistlərin getdiyini müşahidə edirik. Artıq otellərin rezerv olunduğunu görürük. Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə – Kəlbəcər, Laçın, Xankəndi, Şuşa istiqamətlərdə də turistlərin aktivliyi hiss olunur”.
Onun sözlərinə görə, uzunmüddətli tətildə hər kəs daha çox destinasiyalara getmək istəyir:
“Bu da ümumi olaraq daxili turizmin inkişafına böyük təkan verir. Hesab edirəm ki, Novruz bayramında hər il xaricə gedən vətəndaşlar istiqamətini dəyişib bölgələrə səfər etməklə, gələn bayramlarda da həmin rayonlara getmək istəyəcəklər. Yəni daxili turizm nisbətən inkişaf edəcək. Təbii ki, insanlar bölgələrdə fəaliyyət göstərən otellərdən yaxşı təəssüratla ayrılsalar, ikinci dəfə ora gedəcəklər.
Burada otel sahiblərinin və menecerlərinin üzərinə böyük məsuliyyət düşür. Bu turist kütləsini davamlı olaraq öz portfelinə əlavə etməyi bacarmalıdırlar. Düşünürəm ki, bu, otellər üçün tarixi fürsətdir. Bu fürsətdən istifadə edib turistə maksimum xidmət və minimum qiymət təklif olunmalıdır ki, gələcəkdə də həmin insanlar yenə də Azərbaycanda səyahət edə bilsin”.
Pərviz