Bakı, 17 mart, AZƏRTAC
Hazırda Yaxın Şərq və İran ətrafında baş verən proseslər təkcə regional təhlükəsizliyi təhdid etmir, həm də dialoq imkanlarını arxa plana keçirir, bununla yanaşı, dünyanın enerji təhlükəsizliyinə də ciddi risklər yaradır. Regionda baş verən toqquşmalar fonunda Azərbaycanda dialoq imkanlarının genişləndiyi beynəlxalq forumların keçirilməsi həm bölgənin, həm də dünyanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, qarşıdurmaların kəskinləşdiyi, qlobal dialoq məkanlarına ehtiyacın artdığı bir dövrdə Azərbaycan həm toqquşmanın birbaşa tərəflərinə, həm də bütövlükdə geosiyasi mühitə dialoqun vacibliyini xatırladır. Asiyada və Yaxın Şərqdə gərginliyin artdığı bir zamanda Bakıda keçirilən beynəlxalq forumlar müxtəlif ölkələrdən mütəxəssislərin təhlükəsiz mühitdə bir araya gələrək müzakirələr aparmasına, problemlərin həlli yollarını axtarmasına imkan yaradır. Bu isə həm beynəlxalq çağırışlara qarşı ortaq yanaşmaların formalaşması, həm də qlobal sabitliyin təmin olunması baxımından mühüm rol oynayır.
A.Nərimanlı bildirib ki, regionda müharibələrin davam etdiyi bir vaxtda Bakıda formalaşan dialoq mühiti beynəlxalq təhlükəsizliyin əhəmiyyətini ön plana çıxarır və bu istiqamətdə konstruktiv yanaşmaların təşviqinə xidmət edir. Martın 12-də Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu da Azərbaycanın qlobal sülhə verdiyi töhfənin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan daha əvvəl də regional və qlobal problemlərin yaşandığı dövrlərdə dialoq mühitinin formalaşdırılması istiqamətində fəal mövqe nümayiş etdirib və bu yanaşma beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verib. Ümumiyyətlə, bu platformalar vasitəsilə dialoq mühiti formalaşır, mütəxəssislər qlobal problemləri müzakirə etmək imkanı əldə edirlər, xüsusilə enerji təhlükəsizliyi kimi mühüm məsələlər üzrə həll yollarının tapılması üçün şərait yaranır.
Siyasi şərhçi hesab edir ki, bu cür forumlar Azərbaycanın regionda dialoq məkanı kimi rolunu daha da gücləndirir, eyni zamanda, ölkəmizin beynəlxalq siyasətdə sabitliyin və sülhün təşəbbüskarı kimi mövqeyini möhkəmləndirir.
“Azərbaycan beynəlxalq toqquşmalar və qlobal problemlər zamanı hər zaman dialoqun tərəfdarı kimi çıxış edib, birləşdirici rol oynayıb. Bu gün də ölkəmiz eyni missiyanı davam etdirir və bu, regionda sülh və sabitlik imkanlarının hələ də mövcud olduğunu göstərir”, – deyə Asif Nərimanlı əlavə edib.