AZ

Trampın müttəfiqləri narahatdır - İran...

ABŞ prezidentinin yaxın çevrəsi hesab edir ki, İranla qarşıdurma Vaşinqtonun nəzarətindən çıxa bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın xəbərinə görə, ABŞ prezidenti Donald Trampın bəzi müttəfiqləri İranla qarşıdurmanın gedişindən ciddi narahatdır.

Məlumata əsasən, ABŞ ötən ayın sonunda İrana qarşı “Tomahawk” raketləri ilə zərbələr endirməyə başlayanda Trampın bir çox tərəfdarı bunun qısa və dəqiq hərbi əməliyyat olacağına ümid edirdi.

Lakin iki həftədən çox vaxt keçdikdən sonra Trampın bəzi müttəfiqləri hesab edir ki, prezident artıq müharibənin necə və nə vaxt bitəcəyinə tam nəzarət edə bilmir.

Onların fikrincə, İranın Hörmüz boğazında neft tankerlərinə hücumları qlobal enerji bazarlarını sarsıdır və Trampı daha geniş eskalasiyaya məcbur edə bilər. Bu isə hətta ABŞ quru qoşunlarının bölgəyə göndərilməsi ehtimalını artırır.

“Biz meydanda İranı ciddi şəkildə zəiflətdik, amma indi əsas kartlar onların əlindədir. Müharibənin nə qədər davam edəcəyinə və ABŞ-ın quru qoşunlarının cəlb olunub-olunmayacağına faktiki olaraq onlar qərar verir”, - deyə Ağ Evə yaxın mənbələrdən biri bildirib.

Bəzi Tramp tərəfdarları hesab edir ki, Hörmüz boğazından neft daşımalarının təhlükəsizliyini təmin etmək üçün İranın sahil ərazilərinin nəzarətə götürülməsi lazım gələ bilər. Bu isə demək olar ki, amerikalı hərbçilərin İran ərazisinə daxil olması deməkdir.

Digər mənbə bildirib ki, artıq vəziyyət dəyişib:

“Şərtlər dəyişib. İran asimmetrik taktika ilə hərəkət edir və əvvəlki çıxış yolları artıq işləmir”.

Bu vəziyyət Trampın “America First” (Amerika hər şeydən əvvəl) xəttini dəstəkləyən dairələrdə narahatlıq yaradır. Onlar hesab edirlər ki, ABŞ yenidən uzunmüddətli Yaxın Şərq müharibəsinə sürüklənə bilər.

Eyni zamanda, müharibə qlobal enerji bazarına da təsir göstərib. Münaqişə başlayandan sonra neftin qiyməti 70 dollardan təxminən 100 dollara qədər yüksəlib, ABŞ-da benzinin orta qiyməti isə son bir ayda təxminən 25 faiz artaraq 3,70 dollara çatıb.

Bununla belə, Ağ Ev rəsmiləri əməliyyatın plan üzrə getdiyini bildirir və onu “böyük uğur” kimi qiymətləndirirlər.

Ağ Evin sözçüsü Anna Kelli İranın ballistik raket hücumları 90 faiz, dron hücumlarının isə 95 faiz azaldığını deyib.

Onun sözlərinə görə, ABŞ İranın enerji daşımalarına mane olmaq cəhdlərinə qarşı tədbirlər görüb və artıq 30-dan çox mina yerləşdirən gəmini məhv edib.

Məqalədə qeyd olunur ki, ABŞ bölgəyə əlavə hərbi qüvvələr də göndərib. Onların arasında 31-ci Dəniz Piyada Ekspedisiya Bölməsini daşıyan USS Tripoli amfibiya hücum gəmisi də var. Bu qüvvə təxminən 2000 dəniz piyadasını və onların aviasiya texnikasını əhatə edir.

Trampın bəzi müttəfiqləri isə hesab edir ki, ABŞ İrana qarşı təzyiqi quru əməliyyatı olmadan da artıra bilər. Məsələn, neft tankerlərinin qarşısının alınması, kiberhücumlar, İranın maliyyə aktivlərinin hədəfə alınması və müttəfiq donanmaların – o cümlədən İsrailin – daha fəal cəlb edilməsi kimi variantlar müzakirə olunur.

Politico İranın strategiyası əsasən Hörmüz boğazına nəzarət vasitəsilə qlobal enerji daşımalarına təsir göstərmək üzərində qurulub. Bu boğazdan dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyini xüsusi vurğulayıb.

Bəzi mənbələr isə qeyd edir ki, ABŞ-ın ilk zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək rütbəli komandirlərin öldürülməsi vəziyyəti daha da gərginləşdirə bilər.

Onların fikrincə, belə bir vəziyyətdə hakimiyyətə gələn yeni lider Müctəba Xamenei daha radikal mövqe tuta bilər.

Trampın yaxın çevrəsində isə hesab olunur ki, ABŞ quru qoşunlarını İran ərazisinə göndərərsə, bu addım prezidentin reytinqinə ciddi zərbə vura bilər. Hazırda Trampın reytinqi təxminən 40 faiz civarındadır.

Musavat.com

Seçilən
80
13
musavat.com

10Mənbələr