AZ

İkinci ali təhsil almaq istəyənlərin nəzərinə

“İkinci ali təhsil Azərbaycan təhsil sistemi tərəfindən vətəndaşlara təqdim olunan əlavə imkanlardan biridir”.Bunu Metbuat.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib. Onun sözlərinə görə, bu təhsil pilləsinə müraciət etmək üçün əsas şərt bakalavr diplomunun olmasıdır, yəni yalnız bakalavr təhsili olan şəxslər müraciət edə bilər. İxtisas məhdudiyyəti yoxdur və hər kəs istədiyi universitetdə, fərqli sahə üzrə təhsil almaq imkanı əldə edir: “Müraciət prosesi portal.edu.az saytı üzərindən həyata keçirilir, burada şəxsi kabinet yaradılır. Qəbul prosesi isə universitetlərə görə dəyişir - bəzi ali təhsil müəssisələrində daxili müsahibə, bəzilərində isə daxili imtahan keçirilir. Yəni bu istiqamətdə Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş yerləşdirmə mexanizmi mövcud deyil. İkinci ali təhsil əsasən tibb və pedaqoji ixtisaslar üzrə tətbiq olunmur, digər sahələrdə isə təhsil əsasən ödənişli əsaslarla həyata keçirilir. İmtiyazlı şəxslər, məsələn, məcburi köçkün statusu olanlar da əgər birbaşa universitetlərə müraciət edib müsahibə və daxili müsabiqə yolu ilə qəbul olunurlarsa, ödənişli əsaslarla oxuyurlar. Lakin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan vasitəsilə qəbul olan şəxslər üçün ödənişsiz təhsil imkanı yarana bilər”.E.Süleymanov qeyd edibki, müasir dövrdə cəmiyyət inkişaf etdikcə bəzi ixtisaslar aktuallığını itirir, yeni sahələr ön plana çıxır. Bu baxımdan ikinci ali təhsil almaq təşviq olunmalı bir addımdır: “Eyni zamanda, bu təhsil növü əsasən şəxsi vəsait hesabına həyata keçirildiyi üçün universitetlərin maddi-texniki bazasının inkişafına da müəyyən töhfə verir. Qeyd etmək lazımdır ki, dövlət qulluğu və digər müsabiqələrdə əsas meyar diplomdan çox, şəxsin bilik və bacarıqlarının qiymətləndirilməsidir. Bu səbəbdən əlavə ali təhsil alaraq özünü inkişaf etdirən şəxslərin təşəbbüsü müsbət qiymətləndirilməlidir. Bununla belə, ikinci ali təhsilə formal yanaşılmamalı, universitetlər öz diplomlarının nüfuzunu qorumalı və əsas bakalavr təhsilində tətbiq olunan ciddi yanaşmanı burada da təmin etməlidirlər. Bir çox universitetlərdə bu prinsiplərin artıq tətbiq olunduğu müşahidə edilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
15
metbuat.az

1Mənbələr