AZ

Səlçuk Krakılıç: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqlik daha yüksək səviyyəyə çatıb

“Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkiyə arasında formalaşmış strateji müttəfiqlik yalnız iki qardaş dövlətin əməkdaşlığı deyil, həm də Cənubi Qafqazın və bütövlükdə Türk dünyasının siyasi gələcəyini müəyyən edən mühüm geosiyasi amillərdən biri kimi çıxış edir". 

Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib. 

"Tarixin müxtəlif mərhələlərində sınaqlardan çıxmış Azərbaycan-Türkiyə qardaşlığı bu gün regionda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas dayaqlarından biri kimi dəyərləndirilir. Son dövrlərdə sosial mediada bəzi şəxslərin nifaq və qarışıq mesajları yayılıb. Bu kimi mesajlar Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin möhkəmliyini sarsıda bilməz, çünki bu birlik tarix, dil, din, mədəniyyət və coğrafi birliyə əsaslanır, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən idarə olunan uzaqgörən siyasətlə daha da möhkəmlənir və regionda sabitlik və strateji dayanıqlığın qarantıdır. Dövlətlər və dövlətçilik institutu milli siyasət, qanun və qərarlarla idarə olunur, xalq isə tarix, dil, din və mədəniyyət perspektivi ilə həm keçmişə, həm də gələcəyə istiqamət verir. Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqlik, ortaq tarix, dil, din və mədəniyyət birliyinin təbii nəticəsi olmaqla yanaşı, coğrafi və siyasi əməkdaşlıqla daha yüksək səviyyəyə çatıb. Bu birlik bəzi xarici və daxili çevrələri narahat etsə də, iki dövlətin doğru istiqamətdə irəlilədiyini göstərir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan rəhbərliyi ilə Azərbaycan və Türkiyə çoxsaylı beynəlxalq platformalarda birgə və koordinasiyalı siyasət aparırlar, bu da strateji dayanışmanın möhkəmliyini nümayiş etdirir. Türk və Azərbaycanlı aydınlara düşən vəzifə isə iki xalqın və dövlətin maraqlarını yüksək səviyyədə qoruyaraq, bu adi oyunlara qarşı diqqətli olmaqdır. Azərbaycan və Türkiyə münasibətlərinin ideoloji və siyasi əsasını artıq beynəlxalq münasibətlər sistemində özünəməxsus model kimi qəbul edilən “bir millət, iki dövlət” prinsipi təşkil edir. Bu prinsip yalnız ortaq tarixin və mədəniyyətin ifadəsi deyil, eyni zamanda iki dövlətin strateji baxışını və siyasi iradəsini əks etdirən mühüm konsepsiyadır. Məhz bu fəlsəfə sayəsində Azərbaycan və Türkiyə münasibətləri zamanın sınaqlarından çıxaraq müasir beynəlxalq siyasətdə nadir strateji tərəfdaşlıq nümunəsinə çevrilib. Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini hər zaman açıq və qətiyyətli şəkildə ifadə edib. Xüsusilə Qarabağ müharibəsi dövründə Türkiyənin nümayiş etdirdiyi siyasi və diplomatik həmrəylik Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Türkiyə rəhbərliyinin bu mövqeyi iki dövlət arasındakı münasibətlərin yalnız strateji tərəfdaşlıq deyil, eyni zamanda qardaşlıq münasibətlərinə əsaslandığını bir daha göstərib. Azərbaycan Prezidenti İlham Əliyev isə Türkiyə ilə münasibətlərin inkişafını dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Türkiyə əməkdaşlığı siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və diplomatik sahələrdə daha da möhkəmlənmiş və yeni strateji mərhələyə qədəm qoyub. Bu siyasət təkcə iki dövlətin milli maraqlarına xidmət etmir, həm də regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycan və Türkiyə münasibətlərində yeni strateji mərhələnin mühüm siyasi ifadəsi isə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi olub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu sənəd iki dövlət arasında münasibətləri faktiki olaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Bu bəyannamə təhlükəsizlik, müdafiə, iqtisadiyyat və xarici siyasət sahələrində daha sıx koordinasiyanı nəzərdə tutur və Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını göstərir". 

S.Karakılıç bildirib ki, Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni siyasi və geosiyasi balans Azərbaycan və Türkiyənin artan rolunu daha da aydın şəkildə ortaya qoyub: "Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda uzun illər davam edən münaqişə mərhələsinə son qoymuş və regionda yeni inkişaf perspektivləri yaradıb. Bu yeni reallıqlar fonunda regional əməkdaşlıq, iqtisadi inteqrasiya və nəqliyyat bağlantılarının inkişafı daha böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi xüsusi strateji əhəmiyyətə malikdir. Bu layihə yalnız Azərbaycan ilə Naxçıvan arasında quru əlaqəsinin bərpası deyil, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılması baxımından mühüm rol oynayır. Daha geniş geosiyasi baxımdan isə Zəngəzur dəhlizi Türkiyə ilə Orta Asiya arasında yeni iqtisadi və logistika xəttinin formalaşmasına imkan yarada bilər. Bu isə Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin daha da genişlənməsi üçün mühüm imkanlar açır. Azərbaycan və Türkiyə eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Bu fəaliyyətlər Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına, ortaq təhlükəsizlik və inkişaf perspektivlərinə birbaşa töhfə verir. Enerji və nəqliyyat sahəsində həyata keçirilən böyük regional layihələr də Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının mühüm göstəricilərindəndir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və digər enerji layihələri regionun enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı Azərbaycan və Türkiyənin geosiyasi rolunu da gücləndirib. Bəzən müxtəlif xarici dairələrin Azərbaycan və Türkiyə arasındakı bu yaxın münasibətləri zəiflətmək və ya araya soyuqluq salmaq cəhdləri müşahidə oluna bilər. Lakin ortaq tarixə, dilə, mədəniyyətə və qarşılıqlı etimada əsaslanan münasibətləri kənardan yönləndirmək mümkün deyil. Azərbaycan və Türkiyə xalqları tarix boyu olduğu kimi bu gün də eyni taleyi, eyni dəyərləri və eyni gələcək idealını paylaşırlar. Bu strateji birlik, ortaq mədəniyyət və tarixə əsaslanaraq, yalnız regional sabitliyi deyil, həm də gələcəkdə Türk dünyasının yüksəlişini və “Türk əsri” vizyonunu dəstəkləyən əsas dayaqlardan biridir. Tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığı bu gün yalnız iki dövlətin deyil, bütün Türk dünyasının gələcək inkişafı üçün mühüm strateji dayaqlardan biri kimi çıxış edir. “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan bu münasibətlər xalqların qarşılıqlı etimadı və liderlərin uzaqgörən siyasəti sayəsində daha da möhkəmlənir".

Seçilən
50
1
xalqqazeti.az

2Mənbələr