AZ

İsrail PKK-nın əli ilə Güney azərbaycanlılara qarşı hərəkətə keçir? – Türkiyəli jurnalistdən heyrətamiz iddia

“Türkiye Gazetesi”nin müxbiri Yılmaz Bilgen TGRT Haber-də yayımlanan “Taksim Meydanı” proqramında diqqət çəkən iddia səsləndirib. Həmin iddiaya görə, İsrail İranda Kirmanşahdan Bəsrəyə qədər uzanan yeni bir xətt boyunca PKK silahlılarını yerləşdirməyi planlaşdırır.

Bilgen Güney azərbaycanlılara qarşı qətliam olacağını deyib. Onun sözlərinə görə, İsrail burada strateji obyektlərə deyil, PJAK-ın rəhbərlik etdiyi kürd koalisiyasının cənubi azərbaycanlılara qarşı üsyanını və ya işğalını qanuniləşdirmək üçün bütün vacib nöqtələrə zərbələr endirir. O, Cənubi Azərbaycanın Türkiyə ilə əlaqəsinin kəsilərək mühasirəyə alınacağını və bunun Naxçıvanı da əhatə edəcəyini iddia edib.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz bildirib ki, ABŞ və İsrail, şübhəsiz ki, İrana hücuma başlamazdan əvvəl ölkənin etnik və demoqrafik quruluşundan istifadə edərək xalq hərəkatı və ya iğtişaşların olmasını gözləyirdilər:

“PKK-nın İran qolu olan PJAK-ın və İraqdakı Tələbani və Bərzani qruplarının vasitəsilə xalq üsyanı başlatmaq üçün onlara 1946-cı ildə cəmi 11 ay mövcud olan, Rusiya və Britaniya tərəfindən qurulan Məhabad Cümhuriyyətinin bərpası vəd olunub. Bu kürd dövləti Türkiyənin İran türkləri ilə sərhədinin kəsilməsi üçün Şərqi Bəyazitdən Bəsrəyə doğru yuxarıdan aşağıya xəncər formasında daha geniş əraziləri nəzərdə tutur.

Ismaiul

İsmail Cingöz

ABŞ-ın İsraillə birlikdə iyun ayında və indi bu xətti güclü bombaladığını göstərən məlumatlar var. Aydın olur ki, onların hazırkı intensiv hücumları molla rejiminin devrilməsinə deyil, əsas məqsəd kimi kürd dövlətinin yaradılmasına yönəlib. Türkiyənin bunu yaxından izlədiyi unudulmamalıdır. Qeyd edildiyi kimi, türk əhalisinə qarşı soyqırım şəklində hücum baş verərsə və ya belə bir kürd hücumu başlayarsa, Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsinə əsasən Türkiyənin müdaxilə etmək hüququ olacaq. Eyni zamanda Naxçıvanın şərq hissəsinə də aidiyyatı olduğu üçün Türkiyə və Azərbaycan tərəfdaşlıq çərçivəsində, eləcə də türk dünyası İranda Kürdüstan vədi altında türk əhalisinin qırğınına icazə verməyəcək”.

Politoloq Əlimusa İbrahimov da bildirib ki, bu gün İsrailin İranda apardığı əməliyyatların məqsədi heç də orada rejim dəyişikliyi və yeni dünyəvi hakimiyyətin meydana gəlməsi deyil:

elimusa

Əlimusa İbrahimov

“İsrailin rejim dəyişikliyinə nail olmağı əlində əsas götürməsi gözdən pərdə asmaq və onun xoşməramlı olduğunu sübut etmək məqsədi ilə ortaya atılmış bir taktikadır. Onun rejim dəyişikliyi istiqamətində cəhdlərində əsas məqsədi İranda uzun müddət xaosun hökm sürdüyü bir vəziyyətin yaradılmasına çalışmaqdır. Ali dini rəhbərin aradan götürülməsi ilə istəyinə nail ola bilməyən İsrail bu məqsədlə digər mexanizmləri işə salmaqdan da çəkinmir. Bu gün İsrail kürdlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Amma məlum olduğu kimi, İsrailin bu cəhdləri kürdlər tərəfindən istənilən səviyyədə qarşılanmadı. Onlar növbəti dəfə ABŞ və İsrailin əlində alət olmaqdan boyun qaçırdılar.

Amma bu o demək deyil ki, bu təkliflər tamamilə rədd edildi. Təbii ki, kürdlər arasında İsraillə əməkdaşlıq edənlər var və onları İrana qarşı mübarizəyə ruhlandırmaq üçün ciddi addımlar atılır. İsrail İraqda və İranla sərhəddə olan kürdlərdən istifadə edərək İranın kürdlər yaşayan bölgəsindəki hərbi obyektləri, sərhəd məntəqələri və inzibati binaları bombalayır. Bunda məqsəd gələcəkdə kürdlərin İrana qarşı hücumlarını asanlaşdırmaqdır.

İsrailin digər tədbiri isə uzun müddət hazırladığı kürd qiyafəsi verilmiş agentləri dövrəyə buraxmaqdır. Bu gün İrana göndərilmiş 70-80 nəfərlik qrup İsrail xüsusi xidmət orqanları tərəfindən hazırlanan agentlərin kiçik bir hissəsisdir və biz yaxın gələcəkdə bu qruplar haqqında mütəmadi eşidəcəyik. İran tərəfində 500 İsrail agentinin artıq tutulması haqqında verilən məlumatlar da təsadüfi deyil”.

Politoloqun sözlərinə görə, kürdlərin Urmiya və Azərbaycanın digər şəhərlərindəki əhali ilə qarşı-qarşıya qoyulması da planın bir hissəsidir:

“Urmiyada kürdlərlə azərbaycanlılar arasındakı həssas vəziyyətdən İsrail istifadə etməyə cəhd göstərir. Yəni qədim Azərbaycan torpaqlarını kürd torpaqları kimi qələmə verməklə, yaxud bu torpaqların gələcəkdə, yəni rejim dəyişərsə kürdlərə verilməsi vədi ilə onları şirnikləndirir.

Amma İsrailin kürdlərdən alət kimi istifadə edərək İranda istədiyinə nail olacağı sual altındadır. İlk növbədə ona görə ki, Türkiyə buna qarşı çıxacaq və Suriyada olduğu kimi kürd terroristlərin arzularını gözündə qoyacaq. Digər tərəfdən, böyük ölçüdə kürdlər İsraillə əməkdaşlıq etməyə meylli deyillər”.

Ekspert əlavə edib ki, İsrailin kürdlərdən İranda yaşayan azərbaycanlılara qarşı istifadə etməyə çalışması Azərbaycanda heç də xoş qarşılanmayacaq və İsrail bu iddiaları rədd etməyə çalışacaq:
“Mümkündür ki, Azərbaycan tərəf bu istiqamətdə İsraillə danışıqlar aparsın. Amma iki dövlət arasında əsas etibarilə münasibətlərin korlanacağını düşünmürəm. Çünki İsrailin atdığı bu addımın uğur qazanacağı inandırıcı deyil və o tayda yaşayan soydaşlarımız bir ovuc kürdün qarşısında dayanmaq imkanlarına malikdirlər. Əksinə, İranda yaşayan soydaşlarımız əllərində olan imkandan istifadə edərək kürdlərə elə bir dərs verəcək ki, nəinki İsrail, digər dövlətlər də onların yadından çıxacaq. Digər tərəfdən, kürdlərə qarşı mübarizə aparmaqda İran dövləti də azərbaycanlılara dəstək verəcək. Bu, indiki şəraitdə İran hökumətinin marağındadır”.

Güneyli jurnalist yazar Teoman Şahin isə bildirib ki, şah dövründə Cənubi Azərbaycanın qərb hissəsinin monoqrafiyasını dəyişdirmək planı var idi:

teoman

Teoman Şahin

“Buna əsasən kürdləri oraya yerləşdirdilər və İran inqilabından sonra bu intensiv şəkildə davam etdi. Məqsəd türk dünyasını bir-birindən ayırmaqdır. İran inqilabından sonra kürd təşkilatları Cənubi Azərbaycanın bir neçə şəhərini (Sulduz, Xana) işğal edərək onları ayırmağa çalışdılar, lakin buna nail ola bilmədilər. Onlar tələblərindən əl çəkmədilər və yaydıqları bütün xəritələrdə bir çox Azərbaycan şəhərlərini Kürdüstan kimi göstərirlər. Cənubi Azərbaycan xalqı buna qarşı çox həssasdır və bu, onların qırmızı xəttidir.

Kürdlər bu münaqişədə fəallaşıblar. Amerika İraq və Əfqanıstandakı təcrübəsinə əsaslanaraq, bölgəyə qoşun cəlb etmək istəmir, ona görə də kürd silahlı qüvvələrindən istifadə etməyə çalışır. Hətta bir neçə gün əvvəl Kürdüstan Demokrat Partiyasının rəhbəri Amerikaya gedib Tramp administrasiyası ilə görüşdü”.

T.Şahin deyib ki, Cənubi Azərbaycan bir qarış torpağından belə imtina etməyəcəyi üçün orada çoxlu qan tökülə bilər:

“Bölgə ölkələri, xüsusən də Türkiyə və Azərbaycan bunu istəmir. Eyni zamanda, kürd təşkilatları bunu bilir, ona görə də iki gün əvvəl 5 kürd təşkilatı Cənubi Azərbaycan təşkilatlarına ünvanlanmış məktub dərc edərək onları sülhə və qardaşlığa dəvət etdi. Məktubda şübhəli ifadələr və sözlər də var. Cənubi Azərbaycan siyasi təşkilatları bunu qiymətləndirir. Azərbaycanlılar mədəni millətdir və həmişə sülh tərəfdarı olublar”.

Seçilən
0
1
turkustan.az

2Mənbələr