AZ

Lənkəranda çərşənbə bazarlığı balıq qiymətləri sabit qalıb, yoxsa artıb?

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Lənkəran, 17 mart, AZƏRTAC

Lənkəranda İlaxır çərşənbə hər il olduğu kimi, bu il də özünəməxsus adət-ənənələr və yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Bölgə sakinləri üçün bu gün sadəcə bayram hazırlığı deyil, həm də bolluq və ruzi-bərəkət rəmzidir. Qədim ənənəyə görə, İlaxır çərşənbə süfrəsində mütləq balıq yeməyinin, xüsusən də balıq ləvəngisinin olması vacibdir. Yerli inanclara görə, bayram süfrəsini bəzəyən balıq yeni ilin daha uğurlu və bərəkətli keçəcəyinə işarədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu səbəbdən Novruz bayramı yaxınlaşdıqca şəhərin balıq bazarında xüsusi canlanma müşahidə olunur. Səhər saatlarından etibarən bazara üz tutan sakinlər bayram süfrəsi üçün ən təzə məhsulları seçməyə çalışırlar. Satıcılar bildirirlər ki, son günlər alıcı sayında əhəmiyyətli artım var və xüsusilə yerli su hövzələrindən ovlanan balıqlara tələbat daha yüksəkdir.

Bazarda əsasən kütüm və sazan balıqları üstünlük təşkil edir. Bu balıqların qiymətlərində isə ötən günlərlə müqayisədə 3-4 manat artım var. Kütümün bir kiloqramı 20 manata, sazan 15 manata təklif olunur.

Satıcı Ramiz Xamıyev bildirir ki, əvvəlki günlərlə müqayisədə balıq alanların sayı artıb: “Hər il olduğu kimi, İlaxır çərşənbə yaxınlaşanda bazarda böyük hərəkətlilik olur. Bu il bəzi növ balıqların azlığı qiymətlərə müəyyən qədər təsir etsə də, alıcılıq qabiliyyəti yüksəkdir. Satışdan razıyıq”.

Bununla yanaşı, bazarda müəyyən qiymət sabitliyi də diqqət çəkir. Belə ki, bəzi növ balıqların qiyməti demək olar ki, stabil qalıb. Satıcıların sözlərinə görə, bazara çıxarılan məhsulun çeşidinin artması qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Bu isə alıcılara büdcələrinə uyğun seçim etmək imkanı yaradır.

Sakinlər isə bildirirlər ki, qiymətlər bayram ərəfəsi üçün əlçatandır. Alıcı Mirzəhəsən Kərimovun sözlərinə görə, çərşənbə süfrəsində balığın olması mütləqdir: “Bizim evdə bu, dəyişməz adətdir. Qiymətlərdə bayramla əlaqədar cüzi artım hiss olunsa da, bazarda hər kəsin cibinə uyğun balıq tapmaq mümkündür”.

Xatırladaq ki, Lənkəranda İlaxır çərşənbə süfrəsinin “şahı” sayılan balıq ləvəngisi təkcə dadı ilə deyil, həm də ifadə etdiyi bolluq mənası ilə bölgə mətbəxinin ən sevilən nümunələrindən biri hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

2Mənbələr