AZ

13 yaşında başlayan yol: Azərbaycanlı qızın süni intellekt uğuru

Ləman Əliyeva süni intellekt tədqiqatçısı, startap təsisçisi və "Google WomenTechmakers” proqramının səfiridir. O, proqramlaşdırmaya 13 yaşında başlayıb və artıq 15 yaşında mürəkkəb arxitekturaya malik tam funksional veb və mobil tətbiqlər hazırlayırdı. Bu gün onun texnologiya sahəsində, xüsusilə məlumatlar və süni intellekt istiqamətində 10 ildən çox təcrübəsi var.

Valyuta.az xəbər verir ki, o, "ADA University”nin "Computer Science” ixtisasını fərqlənmə diplomu ilə bitirib, həmçinin ABŞ-da yerləşən "University of Mary Washington” universitetində akademik mübadilə proqramı çərçivəsində təhsil alıb.

Hazırda Ləman Əliyeva "Azerconnect Group” şirkətində süni intellekt mühəndisi kimi çalışır. 2025-ci ildə o, görmə məhdudiyyətli insanlar üçün ətraf mühitin qavranılmasına və naviqasiyaya kömək edən AI eynəklərinin ixtirasına görə patent əldə edib. Ləman Əliyeva həmçinin Azərbaycanın ən böyük süni intellekt icmalarından biri olan "Artificial Intelligence HUB”un həmtəsisçisi və lideridir. Bu təşəbbüs çərçivəsində süni intellekt və maşın öyrənməsi sahəsində tədqiqatlar aparılır, laboratoriya fəaliyyəti həyata keçirilir və texnologiya icmasının inkişafı dəstəklənir. Sonradan təşkilat tərəfindən yuxarı sinif şagirdləri üçün təhsil yönümlü AI proqramı başladılıb və bu proqramı artıq 155 məktəbli tamamlayıb.

Elm və texnologiya sahəsinə verdiyi töhfələrə görə 2023-cü ildə "Women in Tech Global” təşkilatı tərəfindən Qafqaz və Mərkəzi Asiya regionunda texnologiya sahəsində ən yaxşı qadın (top-1) seçilib və dünya üzrə top-7 siyahısına daxil edilib. 2024-cü ildə isə "Amazon” və "Women in Tech” tərəfindən təşkil olunan "Most Disruptive Women in Tech” müsabiqəsində CCA regionu üzrə birinci yerə layiq görülüb. 2025-ci ildə innovasiya və sahibkarlığın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Prezident Gənclər Mükafatı ilə təltif olunub.

IT-də ilk iş təcrübəsi

Ləman Əliyeva IT sahəsində ilk iş təcrübəsini 16 yaşında "JIS - Jeykhun Imanov Studio” şirkətində qazanıb. O, burada Data AI Research Engineer kimi çalışaraq biznes proseslərinin avtomatlaşdırılması, marketinq məlumatlarının analizi və süni intellekt texnologiyalarının real biznes problemlərinin həllində tətbiqinin araşdırılması ilə məşğul olub. Onun sözlərinə görə, bu təcrübə texnologiya və məlumatların şirkətlərdə qərar qəbuluna necə təsir etdiyini görmək baxımından mühüm rol oynayıb.

Yeni başlayanlar üçün tövsiyələr

Ləman Əliyevanın fikrincə, IT sahəsinə yeni daxil olanlar üçün əsas çətinlik praktik təcrübənin olmamasıdır. Buna görə o, mümkün qədər tez real layihələr üzərində işləməyi, tədqiqat və təcrübə proqramlarında iştirak etməyi tövsiyə edir.

Onun sözlərinə görə, rədd cavabları da peşəkar inkişaf prosesinin təbii hissəsidir və bu təcrübələr mütəxəssisə hansı bacarıqları gücləndirməli olduğunu anlamağa kömək edir.

Ləman Əliyeva yeni başlayanlar üçün üç əsas məsləhət verir: daim praktika etmək və texnologiyalardakı dəyişikliklərə uyğunlaşmaq, süni intellekt alətlərindən öyrənmə prosesində səmərəli istifadə etmək və real problemləri həll edən texnologiyalar üzərində işləmək. Bu yanaşma həm peşəkar inkişafı sürətləndirir, həm də motivasiyanı artırır.

Seçilən
4
1
olke.az

2Mənbələr