"Yazın gəlişini hər il ürəyimdə xüsusi bir həyəcanla gözləyirəm. Bəlkə də ona görə ki, mən özüm də baharda doğulmuşam. Yaz mənim üçün yenilənmədir, ümiddir, içimizdə yenidən oyanan bir işıqdır. Və əlbəttə ki, Novruz bayramı. Mən bu bayramı çox sevirəm".
Ölkə.Az xəbər verir ki, bu sözləri “Avroviziya” təmsilçilərimizdən Aysel Teymurzadə sosial şəbəkə hesabında paylaşıb.
"Səməninin yaşılı, tonqalın alovu, ailə ilə bir süfrə arxasında toplaşmaq. Uşaqlıqda isə Novruz mənim üçün başqa cür sehrli idi. Mən papaq atmağı çox sevirdim. Qapılara papaq atmaq, sonra da həyəcanla gözləmək ki, görəsən papağın içində nə qoyacaqlar… O anların sevincini indi də xatırlayıram və etiraf edim ki, bəzən o günlər üçün çox darıxıram", - deyə A.Teymurzadə qeyd edib.
Həmidə İbrahimova