“Nvidia” şirkətinin baş direktoru Censen Huanq bildirib ki, yaxın iki il ərzində süni intellekt üçün aparat avadanlıqlarından əldə olunan gəlir 1 trilyon dollardan az olmayacaq. O, bu barədə Silikon vadisində keçirilən “GTC” tədbirində çıxışı zamanı danışıb, “Financial Times” yazır.
“Hazırkı mövqeyimdən çıxış edərək 2027-ci il üfüqündə ən azı 1 trilyon dollar gəlir proqnozlaşdırıram”, — deyə Huanq bildirib. O, bunu “Anthropic” şirkətinin “Claude Code” kimi alətlərinin populyarlığı və AI modelləri ilə tətbiqlərin işləməsi üçün artan hesablama gücü tələbi ilə əlaqələndirib.
“Financial Times” qeyd edir ki, Huanqın optimist proqnozları son aylarda Uoll-striti ciddi şəkildə heyrətləndirmir. Bunun səbəbi AI-yə böyük investisiyaların geri dönüşü ilə bağlı narahatlıqlar, Yaxın Şərqdəki münaqişə fonunda yarımkeçirici təchizat zəncirlərinə risklər və “Nvidia” məhsulları üçün zəruri olan yaddaş çiplərinin çatışmazlığıdır.
Martın 16-da “Nvidia” səhmləri ticarət zamanı 4,8% artaraq pikdə 188,87 dollara çatsa da, sessiyanın sonunda artım 1,7%-ə qədər zəifləyib.
Huanqın 1 trilyon dollarlıq proqnozu Uoll-Stritin konsensus gözləntilərini xeyli üstələyir. “CapitalIQ” məlumatlarına görə, analitiklər 2027 və 2028 maliyyə illəri üçün ümumilikdə təxminən 835 milyard dollar gəlir proqnozlaşdırır (maliyyə ili 2028-ci ilin yanvarında başa çatır).
Huanq həmçinin “Nvidia” çiplər ailəsinə yeni əlavə — “Groq 3” adlı dil emalı prosessorunu təqdim edib. Bu çip istifadəçi sorğularına AI sistemlərinin cavabını sürətləndirmək üçün hazırlanıb. Onun sözlərinə görə, artıq kütləvi istehsala başlanılıb və tədarüklər 2026-cı ilin ikinci yarısında başlayacaq.
“Groq 3” çiplərini Cənubi Koreyanın “Samsung” şirkəti istehsal edəcək. Daha əvvəl “Nvidia” üçün çipləri əsasən “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) hazırlayırdı. Martın 17-də “Samsung” səhmləri Seul birjasında 5% artsa da, ticarətin sonunda artım 2,8%-ə qədər azalıb.