AZ

Fiziki yaxınlıq əvəzinə, mənəvi yaxınlıq... Oruclu halda kimisə öpmək və ya qucaqlamaq orucu pozurmu? Video

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ramazan ayı yalnız aclığı yox, eyni zamanda insanın hisslərinə və nəfsinə nəzarət etməyi öyrədən müqəddəs bir aydır. Bu ayda cinsi yaxınlıq qadağan olsa da, sevgi və bağlılıq ifadələrini tamamilə dayandırmaq lazım deyil. Çünki məqsəd niyyətin saf və səmimi olmasıdır.

Öpmək və qucaqlamaq kimi sadə sevgi jestləri diqqətlə göstərilməli, hərəkətin məqsədi yalnız mənəvi bağlılığı gücləndirmək olmalıdır. Sözlərlə sevgi ifadə etmək, xoş baxışlar və diqqətli jestlər bu ayın ən böyük dəstəyidir.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, orucluq insanı hisslərini idarə etməyə və sevginin yalnız fiziki olmadığını anlamağa çağırır: “Öpmək və qucaqlamaq məsələsində Məhəmməd peyğəmbər sallallahu aleyhi və səlləm oruclu halda ailəsi ilə yaxın davranıb, lakin nəfsinə hakim idi. Əgər bu, şəhvəti artırıb cinsi əlaqəyə apararsa, artıq oruc pozular. Cinsi əlaqə orucu pozur və həm qəza, həm kəffarə tələb edir”.

İlahiyyatçı qeyd edib ki, müasir dövr gəncləri üçün bunu açıq demək lazımdır ki, din qadağalar siyahısı deyil: “Oruc bir özünü idarə etmə məktəbidir. Müasir psixologiya da göstərir ki, insanın impulslarını idarə etməsi onun şəxsiyyətini gücləndirir. Oruc bədəni ac qoymaqdan çox, nəfsi tərbiyə etməkdir. Kim bunu anlayaraq tutarsa, həm dini savab, həm də mənəvi qazanc əldə edər.

Əsas prinsip budur ki, orucu pozan şey bədənə qəsdən daxil olan və qida xarakteri daşıyan maddədir, yaxud cinsi əlaqədir. Qalan hallar isə ya pozmur, ya da ehtiyat tələb edir. Din çətinlik dini deyil, şüurlu məsuliyyət dinidir”.

“Orucluq müddətində yaxınlıq fiziki deyil, mənəvi bağ yaratmağa xidmət etməlidir və bu bağ ən dərin sevgi ifadəsi ola bilər”-deyə Əkrəm Həsənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
bizimyol.info

1Mənbələr