AZ

® Sumqayıtda “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu təşkil olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Muğam Mərkəzində “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu" keçirilib.

Tədbirdə Sumqayıt Dövlət Universitetinin, Ə. Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri və pedaqoji heyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin tələbə, müəllim və şagird heyəti, gömrük əməkdaşları, səhiyyə və hüquq mühafizə işçiləri iştirak ediblər.

Forumda Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış ediblər.

Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yalnız inzibati tədbirlər və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, bu sahədə uğurlu nəticələrin əldə olunması üçün cəmiyyətin bütün təbəqələrini əhatə edən kompleks yanaşma zəruridir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə və təbliğat işlərinə geniş yer ayrılması xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, hələ 1996-cı ildən etibarən narkotik vasitələrə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu sahədə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, dini icmaların və təhsil müəssisələrinin fəal şəkildə cəlb edilməsi isə cəmiyyətin sağlam gələcəyinin təmin olunmasına xidmət edən mühüm amillərdəndir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin bəşəriyyəti narahat edən ən ciddi sosial problem olduğunu qeyd edib. Onun dediyinə görə, həmin problem insan sağlamlığına, ailə institutuna, cəmiyyətin mənəvi dəyərlərinə və dövlətlərin təhlükəsizliyinə ciddi təhlükə yaradır. Buna görə də Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Həmin siyasətin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.

Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun moderatorluğu ilə keçirilən tədbirdə Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev “Yeni növ narkotik və psixotrop maddələrdən sui-istifadə: Müasir dövrün aktual problemi və qlobal təhlükəsizlik çağırışları”, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin I şöbənin böyük müstəntiqi Yusif Bağırov “Narkomaniyaya qarşı mübarizədə gömrük nəzarətinin əhəmiyyəti, profilaktik və nəzarət funksiyaları”, Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Azər Bağırov “Narkotiklərlə bağlı cinayətlərin aşkarlanmasında polis orqanlarının rolu: cinayət təqibi və cəza prosesinin hüquqi və praktiki mərhələləri”, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov “Maarifləndirmə kontekstində gənclərin narkomaniyadan qorunması: preventiv və institusional mexanizmlər” və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Cəmiyyətin səfərbərliyi: İctimai fəaliyyət və könüllülük mexanizmləri kontekstində narkomaniyaya qarşı mübarizə” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə gənclər və tələbələrin sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Forumun keçirilməsində məqsəd yeni növ narkotik və psixotrop maddələrin yaratdığı təhlükələr barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xüsusilə gənclər arasında narkomaniyanın profilaktikası istiqamətində institusional və hüquqi mexanizmləri gücləndirmək, narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə, gömrük və səhiyyə orqanlarının rolunu izah etməklə dövlət qurumları ilə cəmiyyət arasında əməkdaşlığın genişləndirilməsi və preventiv tədbirlərin effektivliyini artırılması olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
4
azertag.az

5Mənbələr