AZ

Ekspert: Beş yaşına çatmış uşaqları repetitor yanına göndərmək onların inkişafında problemlər yarada bilər

Bakı, 17 mart, AZƏRTAC

Mütəxəssislərin araşdırmalarına görə, insan beyninin təxminən 80-90 faizi beş yaşa qədər formalaşır. Bu dövrdə uşağa bilik və bacarıqların aşılanması gələcək üçün böyük fayda verə bilər. Amma təəssüf ki, bəzən ailələrdə beş yaşına qədər olan uşaqlara bu yanaşma düzgün tətbiq olunmur. Çünki bütün uşaqlarda qavrama və mənimsəmə səviyyəsi eyni deyil.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Məzahir Məmmədli deyib. O bildirib ki, uşağın sosial davranışı, düşünmə tərzi və idrakı nəzərə alınmalı, bu bacarıqların formalaşması üçün müəyyən testlər aparılmalıdır: “Bu məsələni mütəxəssislər daha düzgün qiymətləndirə bilirlər. Hazırda ətrafımıza baxdıqda görürük ki, beş yaşına çatmış uşaqları hazırlıqlara və repetitor yanına göndərmək, eyni zamanda, bir neçə dil üzrə yükləmək gələcəkdə uşağın həm beyin yorğunluğuna səbəb olar, həm də sosial inkişafında problemlər yaradar. Müqayisə aparmaq üçün kifayət qədər imkanlarımız var. Məsələn, şəhər mühitində məktəbəqədər müəssisələrə gedən uşaqlarla ucqar ərazilərdə bu imkanlardan kənarda qalan uşaqları müqayisə edə bilərik. Bu fərq uşaqların gələcək təhsil və karyera inkişafında da özünü göstərir. Çünki ilkin mərhələdə məktəbəqədər təhsil və daha sonra məktəb mühiti çox böyük rol oynayır. Lakin belə müqayisələr göstərir ki, ailə amili də az əhəmiyyət daşımır. Xüsusilə savadlı anaların olduğu, uşağın düzgün istiqamətləndirildiyi ailələrdə, hətta ucqar kəndlərdə belə, uşaqların inkişafı kifayət qədər yüksək ola bilər”.

Ekspert hesab edir ki əgər valideyn erkən yaşdan uşağın ünsiyyət bacarıqlarını formalaşdırır, problemləri həll etməyi öyrədir, yaradıcılıq düşüncəsini inkişaf etdirirsə, bu uşaqlar gələcəkdə şəhərdə məktəbəqədər müəssisələrə gedən yaşıdları ilə eyni səviyyədə, hətta bəzən daha inkişaf etmiş ola bilirlər.

Seçilən
17
1
azertag.az

2Mənbələr