Xətai rayonu, Xocalı prospektində yaşayış binasında baş verən yanğınla bağlı 13 bina sakini təxliyə olunub.
APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hadisə yerinə FHN-in 5 texnikası, 20-dən çox şəxsi heyəti cəlb edilib: "Fövqəladə Hallar Nazirliyinin “112 qaynar xətti”nə Xətai rayonu Xocalı prospektində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi ilə bağlı 11:10 radələrində məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkızinin əməkdaşları cəlb edilib. Qısa zamanda yanğının söndürülməsi işləri həyata keçirilib. Binada olan mənzillər yanğından tam mühafizə olunub, 13 bina sakini təxliyə edilib".
FHN rəsmisi qeyd edib ki, yanğın şaxta boyu olan kabellərdə müşahidə olunub: "Yanğın nəticəsində xəsarət alan yoxdur".
***
12.12
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Əlavə məlumat veriləcək.
***
11.42
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Xocalı prospektində yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, bina sakinləri təxliyə olunub.
***
11.27
Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.