Həmid Herisçinin, Azərbaycanın tanınmış yazıçısının müharibə qeydlərinin növbəti hissəsini təqdim edirik.
Musavat.com xəbər verir ki, əslən Güney Azərbaycandan – Təbrizdən olan yazıçı müharibə başlamazdan əvvəl bu şəhərə gedib və proseslər başlayandan sonra oranı tərk etməyib. O bildirib ki, belə bir vəziyyət yazıçı üçün nadir müşahidə və yaradıcılıq fürsətidir və məhz buna görə Təbrizdə qalaraq “müharibə gündəliyi” janrında kitab üzərində işləyir.
Yazıçının qeydləri həyat yoldaşı, tanınmış jurnalist İlhamiyyə Rzaya göndərilir, o isə bu qeydləri sosial media üzərindən paylaşır. Musavat.com olaraq həmin gündəliyin növbəti hissəsini təqdim edirik:
10 mart 2026
İran televiziyalarının mikrofonları meydanlarda əldən-ələ ötürülür, canlı efirlər davam edir. Bostanabad, İlxıçı, Üskü… Güney Azərbaycanın müxtəlif bölgələrində insanlar ABŞ–İran müharibəsi fonunda münasibətlərini bildirirlər. Bəzən bu çıxışların arasında uzun fasilələr yaranır.
Məhz bu fasilələrdə klassik əruz vəznində yazan, geniş tanınmayan kənd şairlərinə söz verilir. Azərbaycan Yazarlar Birliyinin Güney komissiya sədrinin müavini kimi bu məqamları diqqətlə izləyir, simaları yadda saxlamağa çalışıram.
Bir şairin qafiyələri, siması xüsusilə yaddaşıma həkk olundu. Müharibə bitəndən sonra onu Bostanabadda axtaracağam. Müharibə təbliğatı belə, bəzən mikrofonunu bir anlıq gerçək istedadlara uzadır.
Yaxasının son düyməsini bağlayıb efirə çıxarılan bu istedadları izləmək qəribə bir nisgil və təsir yaradır.
11 mart 2026
Oteldəki otağımı yenidən dəyişdilər – bu dəfə üçüncü mərtəbəyə endim. Üzgüçülük hovuzu bağlanıb. Restoranda menyu xeyli azaldılıb, “isveç masası” artıq yoxdur.
Gecələr qəfil gələn qonaqlar diqqət çəkir – Tehrandan birbaşa bizim otelə gəlirlər. Avtomobillərin üzəri qara hislə örtülüb. Bu, yanan neft anbarlarının apokaliptik nəticəsidir.
Sanki Mel Gibsonu çağırmaq lazımdır ki, gəlib “Apokalipsis” filminin davamını burada çəksin.
Yanan neft sel kimi küçələrlə axır, arxlardan süzülərək məşhər günü mənzərəsi yaradır. Nəhəng yanğınlar sonradan qara buludlara çevrilir, səhərlər isə turş, kimyəvi tərkibli yağış kimi yağır. Bu yağış zəhərlidir.
“Bu yağış insanın bədənini cüzam yarası kimi yeyir”, - deyə Tehran nömrəli, üstü kirli avtomobillərdən enən sərnişinlərdən biri danışır.
Otelin dayanacağında bu cür avtomobillər sıralanıb.
“Bu maşınlara əlcəksiz toxunmaq olmaz, Trampın kimyasıdır” – deyə başqa bir sərnişin əlavə edir.
Həqiqətən də, bu müharibədə Tramp sanki kimyagər obrazına çevrilib.
Tehranda əleyhiqazlara tələbat sürətlə artır.
Vaxtilə rəssam Qoyya Napoleon əsgərlərinin İspaniyada törətdiyi vəhşilikləri “Kapriçços” silsiləsində təsvir etmişdi. Bu gün həmin tabloları kitablarda yox, reallıqda – qara hisə bürünmüş Tehran avtomobillərində görürəm.
Sanki tarix yenidən canlanır.
Tramp isə elə bil Mefistofel obrazını İranda gerçəkləşdirməyə çalışır.
Musavat.com