AZ

Azərbaycan qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə, əvvəlki ayla müqayisədə 1 pillə irəliləyərək 153 ölkə arasında 80-ci yerdə qərarlaşıb. “Speedtest Global Index” hesabatına istinadla xəbər verir ki, ölkədə sabit genişzolaqlı internetin orta sürəti 91,27 Mbps təşkil edib. Bu göstərici bir il əvvəl qeydə alınan 69,15 Mbps ilə müqayisədə 32 faiz artım deməkdir.

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə Türkiyə (77,68 Mbps), İran (23,53 Mbps), Gürcüstan (44,35 Mbps), Ermənistan (82,77 Mbps), Belarus (90,78 Mbps), Qazaxıstan (88,13 Mbps), Qırğızıstan (86,25 Mbps) və Tacikistanı (41,85 Mbps) geridə qoyub. Reytinqdə sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri 420,92 Mbps göstərici ilə Sinqapur tutub. Siyahının sonuncu pilləsində isə 3,86 Mbps ilə Kuba qərarlaşıb.

Fevral ayında Azərbaycan mobil internetin sürətinə görə də mövqeyini yaxşılaşdıraraq əvvəlki ayla müqayisədə 2 pillə irəliləyib və 94,95 Mbps orta sürətlə 104 ölkə arasında 50-ci olub. Mobil internetin sürətinə görə ilk yerdə 681,18 Mbps göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Siyahının sonuncu pilləsində isə 15,71 Mbps sürətlə Boliviya yer alıb. Hesabatda şəhərlər üzrə göstəricilər də açıqlanıb. Belə ki, Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki ayla müqayisədə 2 pillə irəliləyərək 91,01 Mbps sürətlə 201 şəhər arasında 113-cü yerdə qərarlaşıb. Şəhərlərin sabit genişzolaqlı internet reytinqinə 434,61 Mbps göstərici ilə Əbu-Dabi başçılıq edir. Siyahının sonuncu pilləsində isə 2,94 Mbps sürətlə Hələb şəhəri yer alıb. Mobil internetin sürətinə görə isə Bakı 113,56 Mbps göstərici ilə 150 şəhər arasında 82-ci yerdə qərarlaşıb və əvvəlki ayla müqayisədə mövqeyini qoruyub saxlayıb. Şəhərlər arasında mobil internetin sürətinə görə ilk yeri 745,89 Mbps göstərici ilə Əbu-Dabi tutur. Siyahının sonuncu pilləsində isə 13,79 Mbps sürətlə Boliviyanın La-Pas şəhəri qərarlaşıb.

“Keçid” qrupundan “İnkişaf etmiş” qrupa

Azərbaycanda rabitə və telekommunikasiya sektorunun inkişafı istiqamətində yürüdülən siyasət və aparılan əhatəli tədbirlər ölkəmizdə internetə çıxış imkanlarının və genişzolaqlı sürətin artmasına səbəb olmaqdadır. Bir müddət əvvəl Mobil Rabitə Assosiasiyası (GSMA) tərəfindən dərc edilən  “Mobile Connectivity Index” hesabatında Azərbaycan 173 ölkə arasında orta mövqedə qərarlaşıb. Ölkəmiz “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib. Mövcud qlobal dəyərləndirmə Azərbaycanda orta internet sürətinin dünyanın orta statistik göstəricilərinə bərabər olduğunu göstərir.

Əldə edilən mühüm nəticə ölkəmizdə İKT sektorunun inkişaf etdirildiyini, rəqəmsal dövlət quruculuğunun komponetlərinin yaradıldığını və geniş tətbiq edildiyini göstərir. Bütün bunların nəticəsidir ki, son illər İT və innovasiyalar üzrə hesabatlarda ölkəmizin mövqeyi yüksəlir. Dünya Bankı (DB) tərəfindən 2024-cü ildə dərc edilmiş qlobal tədqiqat sənədində Azərbaycan “4G+” mobil şəbəkə infrastrukturun vəziyyətinə görə, region ölkələri sırasında əlverişli dövlətlər qrupunda yer alıb. Sənəddə qeyd edilir ki, əhalinin 94 faizi genişzolaqlı internetlə əhatə olunub.

İKT-nin İnkişaf İndeksi üzrə yaxşı nəticə

“Qlobal İnnovasiya İndeksi”ndə ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Azərbaycan “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Qeyd edək ki, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malik indekslər olmaqla bir-birinə qarşılıqlı olaraq bağlıdır. Həmin göstəricilər üzrə irəliləyiş Azərbaycanın bu sahədə müasir institutlar yaratdığını, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirdiyini, səmərəli biznes modelləri qurduğunu təsdiq edir. Ölkəmiz digər indikatorlar olan “institusional mühit” istiqaməti üzrə 54-cü, “hökumətin səmərəliliyi” göstəricisi üzrə 58-ci yerə layiq görülüb. Azərbaycan “biznes mühiti” indikatoru üzrə 17-ci, “biznesin aparılması siyasəti” üzrə isə 22-ci yeri tutmaqla Avropa məkanında ən innovativ imkanlara malik ölkələr qrupuna daxil olub.

Digər qlobal reytinq hesabatlarında, o cümlədən  Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Qeyd edək ki, həmin reytinqlərdə 10-dan artıq İKT göstəricisi, qlobal, regional və milli səviyyədə müqayisəli rabitə göstəriciləri təhlil edilir.

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dünya ölkələrində informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin araşdırılmasına dair hesabatda da ölkəmiz əhəmiyyətli dərəcədə mövqeyini yaxşılaşdırmağa nail olub. Hesabatda Azərbaycan İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutub.

Kibertəhlükəsizlik indeksində layiqli reytinq

Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) ötən ilin sonlarında dərc etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index. 2024) hesabatında da Azərbaycan 93,76  xal toplamaqla öz mövqeyini yüksəldib.

194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.

Respublikamızın qlobal İT hesabatlarında mövqeyini yaxşılaşdırması açıq fiberoptik kanallara çıxış imkanlarını yaxşılaşdırmağa, həmçinin informasiya təhlükəsizliyi ekosistemini möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

E.CƏFƏRLİ

Seçilən
0
4
yeniazerbaycan.com

7Mənbələr