AZ

Ayın maqnit sahəsinin sirri - Yeni versiya

Alimlər Ayın qədim lava düzənliklərində yaranmış vulkanik süxurlar olan dəniz bazaltları adlandırılan süxurları yenidən təhlil ediblər. Araşdırma nəticəsində müəyyən olunub ki, ən güclü maqnitləşmiş nümunələrdə titan elementinin miqdarı daha çoxdur. Oksford Universitetinin tədqiqatçıları belə ehtimal irəli sürüblər ki, Ayın süxurlarında qeydə alınan güclü maqnit siqnalları uzun müddət mövcud olmuş güclü sahə ilə deyil, maqnit aktivliyinin nadir və qısamüddətli güclənmələri ilə bağlı ola bilər.

"Nature Geoscience" jurnalında dərc olunan tədqiqata görə, onlar belə süxurların formalaşma proseslərinin Ayın maqnit sahəsinə necə təsir edə biləcəyini öyrənmək üçün bunu kompüterdə modelləşdiriblər. Nəticə göstərib ki, nüvə ilə mantiya sərhədinə yaxın ərazilərdə titanla zəngin süxurların əriməsi nüvədən çıxan istilik axınını gücləndirə bilər. Bu isə maqnit sahəsini yaradan dinamo prosesini müvəqqəti olaraq aktivləşdirə və ya gücləndirə bilər.

Eyni proseslər titanla zəngin olan lava püskürmələrinə də səbəb olub. Məhz belə süxurlar “Apollon” missiyalarının astronavtları tərəfindən toplanaraq Yerə gətirilib. Nəticələr mövcud nümunələrin məhdud olması səbəbindən müəyyən dərəcədə təhrif olunmuş görünə bilər.

Yeni nəzəriyyəyə görə, Ayda güclü maqnit sahəsinin mövcud olduğu dövrlər cəmi bir neçə min il davam edib. Bu isə Ayın ümumi yaşı ilə müqayisədə çox qısa müddətdir.

Tədqiqatın müəllifləri etiraf edirlər ki, model məhdud sayda məlumatlara əsaslanır, çünki alimlərin ixtiyarında yalnız az sayda Ay süxuru nümunəsi var. Lakin gələcək kosmik missiyalar bu nəzəriyyəni yoxlamağa kömək edə bilər.
Seçilən
46
4
azvision.az

5Mənbələr