AZ

Böyük Qayıdış Proqramının miqyası genişlənəcək

Bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi üçün böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.

Böyük Qayıdış Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Hazırda Böyük Qayıdış Proqramının icrası planlı və mərhələli şəkildə uğurla davam edir. Proqramın birinci mərhələsinin yekununda, yəni 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 mindən artıq insanın daimi məskunlaşması nəzərdə tutulur. Bu, Azərbaycanın tarixində bərpa və yenidənqurma sahəsində ən genişmiqyaslı layihələrdən biridir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir.  Baş nazir Əli Əsədov Milli Məclisin martin 13-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirb ki, yeni çağırışları və hədəfləri əhatə edəcək “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələri hazırlanıb, İqtisadi Şurada müzakirə olunu. Baş nazir, həmçinin vurğulayıb ki, hər iki sənədin layihəsi hökumət tərəfindən artıq Prezident İlham Əliyevə təqdim olunub.

İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 33 ədəd SES/KSES-lərin bərpası, 47-sinin tikintisi, 140 meqavat gücündə 2 ədəd SES-in tikintisi və inteqrasiyası, 3 rayonda mikromobillik zolaqlarının, 2 yeni milli parkın və mikrorezervatların yaradılması nəzərdə tutulur.  həmin ərazilərdə 7 dəst avtomat hidroloji stansiyanın quraşdırılması, 2 rayonda ötürücü məntəqənin, 6 rayonda poliqonun tikintisi, 710 hektar ərazidə yeni meşəliklərin bərpası, 12 rayonun rəqəmsal radioloji xəritəsinin hazırlanması da planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və bərpa edilərək istifadəyə verilib. Görülən işlərin nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşayır və fəaliyyət göstərir. İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı layihələrin fonunda bird aha əminliklə demək olar ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Zahid Rza, “İki sahil”

Seçilən
57
ikisahil.az

1Mənbələr