Ağstafada "Keşikçidağ" dövlət tarix-mədəniyyət qoruğunun ərazisində "Novruz ənənələri" adlı tədbir keçirilmişdir. Tədbir qoruğa məxsus İnformasiya Mərkəzində qədim musiqi alətləri olan qara zurna və nağara sədaları altında Kosa, Keçəlin və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atlarda məclisə gəlişi ilə başlamışdır.
Ulu Öndər Heydər Əliyevin və Vətənin uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri birdəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirakçıları xalqımızın əziz bayramı olan Novruzun gəlişi ilə əlaqədar təbrik etmişdir. Diqqətə çatdırmışdır ki, bu bayram yazın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini simvolizə edir. Qoruğun direktoru Musa Mursaquliyev tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq əlavə etmişdir ki, "Keşikçidağ"a məxsus informasiya mərkəzində təşkil olunan bu tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrinin qorunması və təbliği, milli bayramlarımızdan biri olan Novruzun dəyərlərinin gənc nəslə çatdırılması, həmçinin "Keşikçidağ" mağaralar kompleksində yerləşən tarixi və mədəni irs nümunələrinin tanıdılmasıdır.
Sonra tədbir çərçivəsində "Kitabi-Dədə Qorqud" dastanının prototipi hesab edilən Dədə Qorqudun dilindən ibrətamiz sözlər səsləndirilmiş, qonaqlar Novruz atributları, bayram dekorasiyaları, xalçalar və saxsı nümunələri ilə bəzədilmiş alaçıqlarla tanış olmuşlar. Tədbir çərçivəsində xalq oyunları, gənc qızların bayatı və haxışta söyləməsi, eləcə də milli musiqi alətləri və milli rəqslərin ifası nümayiş etdirilmişdir. Qonaqlara milli mətbəximizin ləziz təamlarından olan paxlava, şəkərbura, qoğal, göy kətəsi təqdim edilmişdir. Şənliyin sonunda qoruğa məxsus İnformasiya Mərkəzinin ətrafında salınmış "Zəfər bağı"nda şəhid ailələri və qazilərin iştirakı ilə badam tingləri əkilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"