AZ

XIII Qlobal Bakı Forumunun çağırışları: dialoq, əməkdaşlıq və təhlükəsizlik

Yaxın Şərqdə davam edən hərbi münaqişə, müasir beynəlxalq münasibətlər sistemində getdikcə artan gərginlik, geosiyasi parçalanma və etimad böhranı fonunda Azərbaycanın evsahibliyi ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumunun təşkili xüsusi əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün dünyada sülh amalının, məsələlərə strateji baxışının, çətinliklərə dayanıqlı həllərin tapılması niyyətinin daha bir nümunəsu olan bu qlobal tədbir dünya miqyasında dialoqun və qarşılıqlı anlaşmanın zəiflədiyi bir vaxtda dövlət və hökumət rəhbərlərini, nüfuzlu siyasətçiləri, ekspertləri bir araya gətirərək ortaq problemlərin müzakirəsi üçün mühüm platformaya çevrildi. Əvvəlki forumlar kimi, XIII Qlobal Bakı Forumunun da əsas dəyəri müxtəlif baxışların toqquşduğu mürəkkəb beynəlxalq mühitdə dialoq mədəniyyətini təşviq etməsi, fikir ayrılıqlarının konstruktiv müzakirə yolu ilə aradan qaldırılmasına töhfə verməsidir.

Qlobal çağırışlarla səsləşən müzakirələr

Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün artıq qlobal miqyasda aktual problemlərin müzakirə olunduğu, onların həlli yollarının axtarıldığı və dünya ictimaiyyətinə təqdim edildiyi nüfuzlu beynəlxalq platforma kimi tanınmaqdadır. Prezident İlham Əliyevin himayəsi, mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlərə marağın ildən-ilə artması da məhz onun beynəlxalq miqyasda qazandığı nüfuz və etimadın göstəricisidir. 

Forumun yaranma tarixçəsinə qısa ekskurs edək. Onun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində təsis olunub. 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin doğma şəhəri Gəncədə keçirilən xüsusi toplantıda belə bir mərkəzin yaradıldığı elan edilib. Qısa müddətdə fəaliyyətini genişləndirən mərkəz hazırda qlobal problemləri araşdırır, beynəlxalq ictimaiyyəti bu problemlərlə bağlı məlumatlandırır. 

Öncə onu da qeyd edək ki, Azərbaycanın bu cür mötəbər qlobal tədbirlərə evsahibliyi və iştirakçıların sayının davamlı şəkildə artması ölkəmizə göstərilən diqqət və etimadın, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə beynəlxalq dəstəyin bariz ifadəsidir. Bu baxımdan "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunmuş XIII Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlərin iştirakı təbii idi. 

Forumda müzakirəyə çıxarılmış mövzular da müasir dünyamızın əsas çağırışları ilə səsləşirdi. "Qlobal təhlükəsizlik və güc tarazlığı: Beynəlxalq hüquqa hörmət. Yeni məsələlər, yeni çağırışlar", "Çoxtərəflilik böhran içində: Qlobal əməkdaşlığı yenidən düşünmək", "BMT 80+", "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə", "Orta dəhliz və Avrasiya Bağlantısı Qapısı", "Afrika bu gün və sabah", "2030 gündəliyinin sürətləndirilməsi: İnklüziv inkişaf və davamlı əlaqəlilik", "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Beynəlxalq sistemini yenidən qurulmasının axtarışında" mövzularında təşkil olunmuş panellərdə parçalanmış mövcud mənzərənin müxtəlif sahələrdə necə təzahür etdiyi nəzərdən keçirildi. Hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarındakı təsirləri izləndi. Müzakirələr həmçinin yeni formalaşan sahələrin - kritik minerallar, təmiz enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl texnologiyaların zəif tərəflərini necə dərinləşdirməsinə və dövlət siyasətini necə mürəkkəbləşdirməsinə diqqət yönəltdi. 

Prioritet təhlükəsizlik və sülhdür

Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışı ilə bu qlobal tədbirin diqqətçəkən əsas mövzu istiqamətlərindən biri müasir dünyada təhlükəsizlik və sabitlik məsələlərinin prioritetliyi oldu. Dövlətimizin başçısı qeyd etdi ki, təhlükəsizlik olmadan inkişafdan və uzunmüddətli sabitlikdən danışmaq mümkün deyil. Son illər bir çox ölkənin ciddi geosiyasi risklərlə üzləşməsi göstərir ki, beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsi hər bir dövlət üçün əsas prioritetlərdən birinə çevrilməlidir. Bu kontekstdə regional təhlükəsizlik məsələləri də xüsusi əhəmiyyət kəsb edir.

Forumda Azərbaycanın keçdiyi tarixi yol - torpaqlarımızın 20 faizinin işğalı dövründən suverenliyin bərpasına və sülhə doğru irəliləyiş də ayrıca diqqət mərkəzində oldu və bu, təsadüfi deyil. Uzun illər ərzində davam etmiş münaqişə və işğal şəraitində yaşayan Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünün bərpasına nail olması, bundan sonra regionda sülhün bərqərar olması istiqamətində təşəbbüslərlə çıxış etməsi təcrübəsi müasir beynəlxalq münasibətlər sistemində nadir nümunələrdən biri kimi qiymətləndirilir. Azərbaycan əvvəlcə öz suverenliyini bərpa etdi, daha sonra isə münaqişə tərəfinə sülh təklif edərək regionda yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu.

Bu təcrübə həm də göstərir ki, beynəlxalq hüquq normalarına hörmət edilmədikdə və beynəlxalq təşkilatların qərarları icra olunmadıqda münaqişələr illərlə davam edə bilər. Azərbaycan uzun illər ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qərarların kağız üzərində qalmasının nəticələrini yaşadı. Lakin son nəticədə ölkə öz hüquqlarını bərpa etməyə nail oldu və regionda yeni reallıq formalaşdı. Azərbaycan Prezidentinin forumda vurğuladığı kimi, bu gün Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh regionda sabitliyin möhkəmlənməsi üçün yeni imkanlar açır. "Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur".

Qlobal enerji xəritəsində Azərbaycanın güclənən strateji mövqeyi

Beynəlxalq Forum çərçivəsində müzakirə edilən digər mühüm mövzulardan biri də enerji təhlükəsizliyi idi. Bu bir reallıqdır ki, müasir dünyamızda enerji məsələləri artıq yalnız iqtisadi deyil, həm də strateji və siyasi xarakter daşıyır. Enerji bazarlarında baş verən kəskin qiymət dəyişiklikləri qlobal iqtisadiyyat üçün ciddi təhlükələr yaradır. Bu baxımdan enerji bazarında sabitliyin qorunması və balanslı siyasətin həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycan isə bu sahədə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz həm neft, həm qaz, həm də digər enerji məhsullarının istehsalı və ixracı ilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. 

Son illər Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının sürətlə artması da dövlətimizin bu sahədə artan rolunu göstərir. Enerji resurslarının etibarlı şəkildə beynəlxalq bazarlara çatdırılması bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu isə Azərbaycanın qlobal enerji xəritəsində strateji mövqeyini daha da gücləndirir. 

Forumun müzakirələrində nəqliyyat və logistika məsələləri də xüsusi yer tutdu. Qlobal münaqişələr və geosiyasi gərginliklər ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olduqca alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır. Azərbaycan son illər enerji sektorundan əldə etdiyi gəlirləri nəqliyyat və logistika infrastrukturu layihələrinə yönəldərək regionu mühüm tranzit mərkəzlərindən birinə çevirib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərində ölkənin fəal iştirakı qlobal tədarük zəncirlərinin dayanıqlılığının təmin edilməsinə mühüm töhfə verir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı çıxışında dedi: "Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşlıq və əslində, həm Orta dəhlizdə, həm də "Şimal-Qərb" dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır".

Eyni zamanda regionda sülhün bərqərar olması yeni nəqliyyat marşrutlarının yaradılması üçün də imkanlar açır. Ermənistan üzərindən keçə biləcək yeni tranzit istiqamətləri region ölkələri üçün qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri yaradır. Bu isə həm regional iqtisadi inteqrasiyanı gücləndirə, həm də daha geniş coğrafiyada ticarət və logistika əlaqələrinin inkişafına təkan verə bilər.

XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, müasir dünyada dialoq və əməkdaşlıq alternativsizdir. Qlobal çağırışların artdığı bir dövrdə müxtəlif baxışların müzakirə olunduğu və ortaq həll yollarının axtarıldığı belə platformaların rolu daha da artır. Bakı artıq qlobal dialoq mərkəzlərindən birinə çevrilərək beynəlxalq münasibətlər sistemində mühüm intellektual və siyasi müzakirə platforması kimi çıxış edir.

Forumun əsas nəticələrindən biri də ondan ibarət oldu ki, sülh, sabitlik və təhlükəsizlik yalnız qarşılıqlı etimad və əməkdaşlıq yolu ilə təmin oluna bilər. Qlobal sistemin keçid mərhələsində olduğu indiki şəraitdə beynəlxalq ictimaiyyətin əsas vəzifəsi fikir ayrılıqlarını qarşıdurma deyil, dialoq və əməkdaşlıq vasitəsilə aradan qaldırmaqdır. XIII Qlobal Bakı Forumu məhz bu məqsədə xidmət edən mühüm beynəlxalq platforma kimi qlobal gündəliyin formalaşmasına mühüm töhfəsini verdi.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
76
azerbaijan-news.az

1Mənbələr