AZ

Yayılmış simptom Altsheymer xəstəliyinin erkən əlaməti ola bilər

Bakı, 17 mart, AZƏRTAC

Yuxu pozuntuları Altsheymer xəstəliyi zamanı yaranan yaddaş problemlərindən xeyli əvvəl ortaya çıxa bilər və bunun səbəbi patoloji tau zülalı ola bilər. Kentukki Universitetinin tədqiqatçıları bu nəticəyə gəliblər.

AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “npj Dementia” jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, dəyişmiş tau zülalı beynin neyronların əsas enerji mənbəyi olan qlükozadan necə istifadə etməsinə təsir edir. Normalda qlükoza hüceyrələrin enerji balansını qorumağa sərf olunur. Lakin tau patologiyası zamanı bu enerjinin bir hissəsi qlutamat adlı həyəcanlandırıcı neyromediatorun daha çox istehsalına yönəlir. Eyni zamanda GABA adlı tormozlayıcı mediatorun sintezi azalır və nəticədə neyron şəbəkələrində həyəcanlanma ilə tormozlanma arasındakı balans pozulur.

Bu dəyişikliklər beyin qabığının aktivliyinin artmasına gətirib çıxarır. Elektrofizioloji ölçmələr neyronların hiperoyanıqlıq əlamətlərini və beyin ritmlərinin sinxronluğunun pozulduğunu göstərib. Bunun fonunda heyvanlarda həm yavaş, həm də sürətli yuxu mərhələlərinin müddəti qısalıb.

Tədqiqatın müəllifləri bildirirlər ki, enerji mübadiləsində və neyron aktivliyində baş verən dəyişikliklər tau patologiyasının erkən mərhələlərində — sinir hüceyrələrinin ciddi zədələnməsindən əvvəl meydana çıxır. Bu, yuxu problemlərinin niyə tez-tez Altsheymer xəstəliyinin diaqnozu qoyulan simptomlardan illər əvvəl ortaya çıxdığını izah edə bilər.

Alimlərin fikrincə, beyində neyromediator balansının və qlükoza mübadiləsinin bərpası neyrodegenerativ xəstəliklərin profilaktikası və müalicəsi üçün yeni istiqamət ola bilər.

Seçilən
82
3
azertag.az

4Mənbələr