AZ

Ağdamda qayıdış marafonu davam edir

Dirçəliş növbəsi Eyvazxanbəyli və Baş Qərvənd xarabalıqlarına çatıb

Erməni vandalların dağıdıb xarabalığa çevirdiyi Ağdam şəhəri kimi, rayonun işğaldan azad edilmiş kəndlərində də mərhələli şəkildə genişmiqyaslı tikinti layihələri həyata keçirilir. Prezident İlham Əliyevin təməllərini qoyduğu yaşayış məntəqələrində torpaqdan sürətlə boy atan evlər kəndləri yeni simasına qovuşdurmaqla yanaşı, ağdamlıların da geriyə, öz ata-baba yurdlarına qayıdacaqlarına inamlarını artırır.

Tezliklə Böyük Qayıdışın növbəti ünvanlarına çevrilmiş Ağdam şəhəri, Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin sırasına Eyvazxanbəyli və Baş Qərvənd də qoşulacaq. Bu günlərdə rayona səfərimiz zamanı sözügedən kəndlərdə olduq, tikintinin real vəziyyəti ilə maraqlandıq. Neçə gündür davam edən yağıntıların yaratdığı çətinliklərə baxmayaraq, Eyvazxanbəylidə qızğın iş gedirdi. Yolboyu sağda və soldakı evlərdə mütəxəssislərin, ustaların və fəhlələrin həvəslə işlədiklərinin şahidi olduq. Nəhəng tikinti meydanında hərəkət edən müxtəlif texnikaların səsi illərlə sükuta qərq olmuş kənddə zəfər marşı kimi səslənirdi.

Eyvazxanbəylinin yenidən qurulması layihəsini icra edən “SEA BREEZE CONSTRUCTION” şirkətinin nümayəndəsi Akif Səmədovla həmsöhbət olduq. Bildirdi ki, 99 faiz evlərin yeraltı tikintisi yekunlaşıb və hazırda üst hissələrdə iş gedir:

– Hamı böyük coşqu və məsuliyyətlə çalışır, işçi problemimiz yoxdur. Məqsədimiz layihə üzrə tikintinin vaxtında başa çatdırılmasına nail olmaqdır. Texnika və material təminatı sarıdan heç bir çətinliyin olmaması üçün vaxtlı-vaxtında zəruri addımlar atıldığından iş də sürətlə gedir. Hazırda qrafiki qabaqlayırıq.

Tikinti ərazisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunduğunu deyən Akif Səmədov əlavə etdi ki, burada çalışanların əksəriyyəti ağdamlılar və yaxın rayonlardan olanlardır.

Evlərdən birinə baş çəkib ustalarla da görüşdük. Ağdamın Novruzlu kəndindən keçmiş məcburi köçkün Camal Camalov, Yusifcanlı sakini Rəşad İsmayılov gördükləri işlə fəxr etdiklərini bildirdilər. Çünki Ağdamı görmək, bu yerlərə qayıtmaq bir vaxtlar hər bir ağdamlının ən böyük arzusu olduğu kimi, rayonun tikintisində iştirak etmək, bu böyük quruculuqda iz sahibi olmaq da son dərəcə qürurvericidir. Ustalar burada onlar üçün bütün zəruri şəraitin yaradıldığından razılıqla bəhs etdilər.

Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulan Eyvazxanbəyli kəndində həyata keçirilməsi planlaşdırılan layihə mərhələli şəkildə icra olunur. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdaretmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, birinci mərhələ üzrə kənddə ümumilikdə 427 fərdi yaşayış evinin inşası nəzərdə tutulub və hazırda tikinti-quraşdırma işlərinin 17 faizi yekunlaşıb. Evlər 1, 2, 3, 4 və 5 otaqlı olmaqla, müxtəlif quruluşda və ölçülərdə tikilir.

Layihə üzrə kənddaxili yolların ümumi uzunluğu 13,9 km təşkil edir. Sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissəsidir. Kənddə 720 şagird yerlik tam orta məktəbin inşası planlaşdırılır ki, bunun 360 yerlik hissəsi birinci mərhələdə tikiləcək. Bundan əlavə, 120 yerlik uşaq bağçasının, ailə sağlamlıq mərkəzinin və inzibati binanın inşası da nəzərdə tutulub. Ümumilikdə, Eyvazxanbəylidə həyata keçirilən layihələr gələcəkdə müasir infrastruktura malik, rahat və təhlükəsiz yaşayış məntəqəsinin formalaşdırılmasına xidmət edəcək.

Ağdamın yenidən qurulan Baş Qərvənd kəndində də tikintinin gedişi ilə maraqlandıq. IMA Energy şirkətinin layihə rəhbəri Münasib Rəhimov ümumillikdə 92 evdə sıfır səviyyəsindən yuxarı işlərin davam etdiyini, layihənin vaxtında icrası üçün lazımi addımların atıldığını bildirdi.

Qeyd edək ki, təməli 24 dekabr 2023-cü ildə dövlət başçısı tərəfindən qoyulmuş Baş Qərvənd kəndinin layihəsi ümumilikdə 476 hektardan çox ərazini əhatə edir və burada 1245 fərdi yaşayış evi tikiləcək. Birinci mərhələdə 202 hektar ərazidə ölçüləri 2 otaqlıdan 5 otaqlıya qədər olan 851 fərdi ev inşa edilir. Kənddə yalnız evlər deyil, sosial infrastruktur da yaradılacaq, inzibati bina, tibb məntəqəsi, 840 şagird yerlik ikimərtəbəli məktəb, 120 və 100 yerlik iki uşaq bağçası istifadəyə veriləcək.

Yol infrastrukturuna gəldikdə isə daxili yolların ümumi uzunluğu 56 kilometrdən çoxdur, bunun 43 kilometri birinci mərhələdə çəkiləcək. Əlavə olaraq, kənddə mühəndis-kommunikasiya şəbəkələri, səkilər və geniş yaşıllıq zonaları da yaradılacaq.

Cari il ərzində kəndə ilk köçün baş tutması gözlənilir. Yəni 2026-cı il daha neçə-neçə ağdamlının Vətən həsrətinin başa çatdığı, məcburi köçkünlük həyatının bitdiyi və həmişəlik doğma yurda qayıdışı ili olacaq.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdam

Seçilən
81
1
xalqqazeti.az

2Mənbələr