AZ

Torpaq çərşənbəsi: qutsallığın xalq fəlsəfəsi

Azərbaycan xalqının mövsüm mərasimləri sırasında çərşənbələr etnosun inam və etiqadlarını, dünyagörüşünü, zəngin mədəniyyət təsəvvürlərini əks etdirmək baxımından müstəsna əhəmiyyət daşıyır. Torpaq çərşənbəsi ilə bağlı təsəvvürlər torpaq, onun müqəddəsliyi və həyat üçün müstəsna funksiya daşıması xüsusiyyəti ilə spesifikləşir.

Novruz bütün parametrləri və etnokulturoloji sistemi əhatələmək məramı ilə geniş mahiyyətli düşüncə hadisəsidir. Çərşənbələrdə özünün ifadəsini tapan ən incə elementlərdən əsaslı və üst səviyyədə görünən epizodlara qədər hamısı etnosun dünyagörüşünü, mədəniyyət zənginliyini, münasibətlərini, həyati bilgilərini əhatələyir. Etnoqraflar, folklorşünaslar, filosoflar və s. elm sahələri zaman-zaman çərşənbələr timsalında söylənilənlərə, əfsanə, rəvayət, məsəl, etnoqrafik əhvalat (bilgi) səviyyəsində deyilənlərə həssaslıq göstərmiş və onun mahiyyətində olanları açmağa çalışmışlar.

Səmavi kitablarda (“Quran”, “İncil”, “Tövrat”, “Zəbur”), eləcə də dünyanın görkəmli filosoflarının əsərlərində (Platon, Demokrit, Sokrat, Aristotel, Hegel və b.), xalq inamlarında dünyanın yaranışı ilə əlaqədar bir-birinə yaxın və fərqli mülahizələr özünə yer almışdır. “Avesta”da, Zərdüştün söylədiklərində olanlar ayrıca bir hissədir. Bunların hamısı başlanğıc miqyasında təsəvvürləri aydınlaşdırmaq düşüncəsinə köklənmək məramı ilə nəzər-diqqəti cəlb edir. Əl-Biruninin “Ötən günlərin abidələri”ndə, Nizamülmülkün “Siyasətnamə”sində və sonrakı dövrün yazılı abidələrində olan epizodlar dünyanın yaranışında dörd ünsürün mahiyyətini açmağa yönəlik məsələlər kimi mühüm aktuallıq kəsb edir.

Torpaq çərşənbəsi adı ilə vurğulanan mərasimin bütünlükdə mahiyyəti adın ehtiva etdiyi təsəvvürü sərgiləyir. Xalqın zəngin folklor yaddaşı, mif, əfsanə, rəvayət, atalar sözü, məsəl, mərasim folkloru və s. bütün tərəfləri ilə torpağa bağlılığı prinsipləşdirir. Türk, eləcə də Şərq xalqlarının keçirdiyi mərasimlər sırasında təqdir etdiyi ən birinci yerdə dayanan Novruz və novruzqabağı mərasimlərdir.

“Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi” adı ilə dillərdə əzbər olan bu mərasim etnosun torpağa, yerə bağlılığını və təsəvvürlərini əhatələməklə həm də müqəddəsləşdirilməsini əsasa çevirir. Havaya hava, suya hava, torpağa hava enməsi timsalında olanlar İlahi nizamın qutsallığını bir etnopotensiya olaraq ötürmək funksiyasında görünür. Torpağın oyanışını ulu əcdadlarımız ən şən, ən şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışlar.

Bunlar, bütünlükdə, yazın, baharın gəlişinə olan inamlar aspektində hazırlığı, növbəti ilin barlı-bərəkətli, xeyirli keçməsi üçün olan qarşılanması, həm də arzunun ifadəsidir. Novruz mərasimlərində yumurta boyadılması xüsusi yer tuturdu. Elat söyləmələrinə görə buradakı yaşıl yazı halda ağ qışı, qırmızı yayı, sarı payızı işarələyir.

Torpaq çərşənbəsinin etnoqrafik, ictimai, fəlsəfi, bədii-estetik dərki inam və etiqadlardan mərasimlərə qədər əhatəli bir mənzərəni canlandırır. Atalar sözü, məsəl, tapmaca, əsatir, əfsanə və s. timsalında olan söyləmələr xalq düşüncəsində torpağa olan bağlantını və mərasim baxımından torpaq çərşənbəsində ümumiləşmənin çox dərin qatlarını nümayiş etdirir.

Xalq inamlarına görə torpağın “öldür məni, dirildim səni” deməsi təsadüfi deyildir. Saysız-hesabsız söyləmələr məhz torpağa pənah gətirmənin ilkin başlanğıcdan günümüzə qədərki mənzərəsini əks etdirir. “Torpaq qızılquşdur, əldən buraxdın uçar gedər”, “torpaqla əlləşən xoşbəxtliklə rastlaşar”, “torpaq əkinçinin zəhmətilə zinətlənir”, “torpağa var versən o da sənə bar verər”, “torpaq ovuclayan qızıl ovuclar”, “torpağın sirrini əli torpaqda olan bilər” və s. deyimlər insanların təsəvvürünün və gəldiyi nəticələrin bir örnəyi olaraq yaddaşlarda işləklik qazanmışdır.

Torpaq çərşənbəsi torpaqla bağlı bütün təsəvvürləri ümumiləşdirmək xüsusiyyəti ilə daha təfərrüatlı məzmun kəsb edir, su, od, yel çərşənbələrdə olan qutsallıqları bir növ özündə əks etdirmək məramı ilə daha maraqlı məzmun daşıyır. Xalq arasında torpaqla, torpaq çərşənbəsi ilə əlaqədar çoxlu əhvalatlar yer alır.

Torpaq çərşənbəsi xalqımızın torpaq haqqında təsəvvürlərini, istək və arzularını, həyata baxışını, inam və etiqadlar müstəvisində zənginliyini diqqətə çatdırır. Həyatın nizamını və cövhərini təşkil edən ünsürlər sırasında torpağın oynadığı rol müxtəlif aspektlərdə ədəbiyyatın şifahi və yazılı qolunu izləmişdir. Əmək nəğmələri, şum mərasimləri, region folklorunda özünü göstərən söyləmələr torpağa məhəbbətin ifadəsi olaraq “ana torpaq” anlamında bir müqəddəsliyi, ülviliyi və başlanğıcı özündə işarələyir.

Novruzun çeşidli komponentləri sırasında hər bir epizodun spesifiklik sərgiləyən və etnosun kulturoloji təsəvvürlərini əhatələyən mənzərəsi var. Çərşənbələr yazın gəlişinə hazırlığın bir hissəsi kimi ciddi önəm kəsb edir. Torpaq çərşənbəsi zamanı keçirilən rituallar, şum mərasimləri və oxunan şərqilər türk xalqlarının yaddaşında qəlibləşmişdir.

Qədim zamanlardan günümüzə qədər çərşənbələrin sərgilədiyi təsəvvür yazı xoş, gülərüz və uğurla qarşılamaq düşüncəsi onun xeyirli olacağının göstəricisi kimi anlaşılmışdır. Torpaq çərşənbəsindəki görülən bütün işlər, oxunan nəğmələr və s. hamısı təbiətlə intuitiv bağlantılarda onu özününküləşdirməyə və uğurlu həyat nizamına yardımçı olmağa köklənmişdir. Bütün bunlar Novruz bayramına gələn yolun zənginliyinin göstəricisi hesab edilir.

Səhər HİDAYƏT QIZI ORUCOVA,
filologiya elmləri doktoru, professor

Seçilən
62
1
xalqqazeti.az

2Mənbələr