AZ

Tramp “qiymətlər daş kimi düşəcək” deyir - ABŞ liderinin sözü bazarlara təsir edəcəkmi?

Hazırda dünya gündəminin əsas mövzularından biri neft bazarındakı qiymətlərdir. İranla savaş fonunda son günlərdə qiymətlərdə ciddi şəkildə yüksəliş müşahidə olunmaqdadır.

Bu yöndə ABŞ prezidenti Donald Trampın son açıqlamaları xüsusi diqqət çəkib, beynəlxalq enerji bazarlarında və geosiyasi müzakirələrdə yeni suallar yaradıb. Ağ Ev rəhbəri bildirib ki, İranla müharibə yaxın vaxtlarda başa çata bilər və bu baş verdikdən sonra dünya bazarlarında neftin qiyməti “daş kimi aşağı düşəcək”.

Bu açıqlama PBS telekanalının jurnalisti Liz Landerslə qısa telefon müsahibəsi zamanı səsləndirilib. Trampın sözlərinə görə, münaqişənin uzun müddət davam edəcəyini düşünmür və prosesin nisbətən qısa zamanda yekunlaşacağına inanır.

Bəs Trampın bu qədər optimist danışmasının arxasında hansı hesablamalar dayanır? Həqiqətənmi İranla müharibə qısa müddətdə başa çata bilər? Yoxsa bu açıqlama daha çox siyasi mesaj və ya iqtisadi bazarlara yönəlmiş siqnaldır?

Digər tərəfdən, müharibə bitərsə, doğrudanmı dünya bazarında neft qiymətləri kəskin şəkildə enəcək?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, İranla müharibə ABŞ üçün gözlənilməz situasiya doğurub: "Gözləntilərin əksinə olaraq nəinki İran rejimi dağıldı və o bir neçə yerə parçalandı, əksinə ABŞ-İsrail cütlüyünə ciddi hərbi zərbələr endirir. Hətta Qərb ekspertləri və Birləşmiş Ştatların nümayəndələri də Trampı müharibəni uduzmaqda və başını itirməkdə ittiham edirlər. ABŞ-a qayıdan əsgər meyidləri və yüksələn neft qiymətləri Trampı olduqca çətin suallar qarşısında qoyur. İndi ABŞ-da belə düşünməyə başlayıblar ki, Netanyahu Birləşmiş Ştatları müharibəyə cəlb edib və onu geri çəkilməyə qoymur.

Trampın açıqlamaları beynəlxalq və daxili ictimai rəyə hesablanmış çağırışlardır. O müharibədəki vəziyyəti bəyanatları ilə pərdələməyə çalışır.

Müşahidələr göstərir ki, həm İran, həm də ABŞ müharibənin dayandırılmasının tərəfdarıdır. Lakin hər iki tərəf özünü qalib elan edərək buna nail olmaq istəyir. Lakin bununla bağlı ortaq mövqe əldə etmək çətin olacaq. Ona görə də bir neçə gün ərzində atəşkəsə nail olunacağını demək mümkün deyil. Çünki ABŞ-ni müharibəyə cəlb edərək zəiflətmək üçün rəqiblərinin əlinə tarixi fürsət düşüb. Ona görə də Tramp müharibəni qəfil başladığı kimi onun dayandırılması üçün də elə qərar qəbul etməlidirlər. Əks halda onun tezliklə bitəcəyi ehtimalı olduqca azdır".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
79
musavat.com

1Mənbələr