AZ

Tramp xarici tərəfdaşları ilə koalisiya yaradılması mövzusunu müzakirəEDİR

Vaşinqton Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa etmək məqsədilə bəzi xarici tərəfdaşları ilə koalisiya yaradılması mövzusunu müzakirə edir.

Redaktor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, bu müzakirələr həm də ABŞ-nin həmin ölkələrə güvənib-güvənə bilməyəcəyini yoxlamaq məqsədi daşıyır.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp koalisiya planları ilə bağlı deyib: "Mən onlara aqressiv şəkildə lobbiçilik etmirəm. Mənim mövqeyim belədir: bizə kimsə lazım deyil, biz dünyanın ən güclü ölkəsiyik. Mən bu məsələ ilə bəzi hallarda onlara ehtiyacımız olduğu üçün deyil, sadəcə necə reaksiya verəcəklərini öyrənmək üçün məşğul oluram".

Amerika lideri 15 mart tarixində Fransa Prezidenti Emmanuel Makronla bu barədə telefonla danışdığını təsdiqləyib: "Bəli, onunla söhbət etdim. Deyərdim ki, o, 0-dan 10-a qədər olan şkala üzrə 8-ci nöqtədədir. Mövqeyi qüsursuz deyil, amma bu ki Fransadır. Düşünürəm ki, o, kömək edəcək".

Prezidentin verdiyi məlumata görə, "bir çox ölkə" artıq köməyə tələsdiyini bildirib, lakin o, həmin dövlətlərin adlarını açıqlamayıb. "Bəziləri buna böyük həvəslə yanaşdı, bəziləri isə yox", - deyə Tramp qeyd edib. O, xüsusilə passiv qalan ölkələrin davranışını mənfi qarşıladığını bildirib, çünki ABŞ onları "uzun illər boyu qoruyub".

"Mənim üçün həvəs dərəcəsi önəmlidir", - deyə Tramp vurğulayıb. O, bəzi müttəfiqlərin ona müraciət edərək, "Biz bu prosesə qoşulmaq istəməzdik, ser" dediklərini də təsdiqləyib.

Seçilən
77
1
redaktor.az

2Mənbələr