AZ

Gədəbəy adı ilə alınan kartof sən demə... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda kartof istehsalı 924,7 min ton olub və bu göstərici 2024-cü illə müqayisədə 0,3% azalıb. Halbuki ölkənin kartofa olan illik tələbatı təxminən 1,5 milyon ton təşkil edir. Bunun 200 min tonu toxum üçün istifadə olunur, 1,3 milyon tonu isə əhalinin istehlakına gedir. Bu isə o deməkdir ki, yerli istehsal ümumi tələbatın yalnız 60–65 faizini ödəyir. Rəsmi statistikaya görə Azərbaycan eyni zamanda kartof idxal və ixrac da edir. Buna baxmayaraq, bazarlarda və mağazalarda satılan kartofların əksəriyyəti Gədəbəy, Şəmkir, Qusar, Tovuz, yaz mövsümündə isə Cəlilabad məhsulu kimi təqdim olunur.Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a bildirib ki, bazardakı kartofun əhəmiyyətli hissəsi idxal hesabına təmin olunur:“Azərbaycan əsasən Rusiya, İran, Belarus, Gürcüstan və bəzən digər ölkələrdən kartof idxal edir. Buna baxmayaraq, bazarlarda və mağazalarda satılan kartofların böyük hissəsinin Gədəbəy, Şəmkir, Qusar, Tovuz və ya mövsümdən asılı olaraq Cəlilabad məhsulu kimi təqdim edilməsi tam reallığı əks etdirməyə bilər. Çünki yerli istehsal ümumi tələbatın təxminən 60-65 faizini qarşılaya bildiyi halda, bazarda mövcud olan bütün kartofun yerli kimi təqdim olunması statistik baxımdan mümkün görünmür. Bu vəziyyət idxal olunan məhsulların bəzən yerli məhsul adı ilə satılması ehtimalını gündəmə gətirir. Yerli kartof alıcılar arasında daha keyfiyyətli və dadlı hesab olunur və buna görə də daha rahat satılır. Satıcılar məhsulun satışını asanlaşdırmaq üçün onu məşhur kartof istehsal olunan rayonların adı ilə təqdim edə bilirlər. İdxal kartofun mənşəyinə nəzarət bazar səviyyəsində həmişə tam şəffaf olmaya bilər və məhsul topdansatış bazarlarında qarışdırıldıqdan sonra konkret mənşəyi müəyyən etmək çətinləşə bilər”. O qeyd edib ki, mövsüm amili də nəzərə alınmalıdır:“Yerli kartof əsasən müəyyən aylarda bazara çıxır və ilin digər dövrlərində bazardakı kartofun böyük hissəsi məhz idxal hesabına təmin edilir. Bu dövrlərdə bazarda satılan bütün kartofun yerli kimi təqdim olunması iqtisadi və statistik baxımdan daha az inandırıcı görünür. Rəsmi statistika göstərir ki, ölkə kartofla tam özünü təmin etmir və idxal mühüm rol oynayır. Buna görə də bazarda satılan bütün kartofun yerli məhsul kimi təqdim edilməsi tam real deyil və idxal kartofların bəzən yerli adlarla satılması ehtimalı mövcuddur. Bu məsələ daha çox məhsulun mənşəyinin düzgün etiketlənməsi və bazar nəzarətinin gücləndirilməsi ilə bağlıdır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
demokrat.az

1Mənbələr