AZ

O qərarın əsaslanı nədir” – deputat karantin rejiminin uzadılmasını şərh edir

"Azərbaycan hökumətinin karantin rejiminin uzadılması, bu xüsusda quru sərhədlərinin, bəzi istisnalar olmaqla bağlı saxlanılması ilə əlaqədar qərarları ölkə konstitusiyasına, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanununa və digər hüquqi-normativ aktlara əsaslanır".

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli səsləndirib. Onun sözlərinə görə, “Milli təhlükəsizlik haqqında” qanunun 7.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir: " 7.2-ci maddədə isə bildirilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur. Göründüyü kimi, dövlət təkcə real təhdidləri deyil, potensial təhlükələri və geosiyasi amillər də nəzərə alınmaqla ən müxtəlif prosesləri dəyərləndirməklə, önləyici tədbirlər həyata keçirməklə vətəndaşlarının təhlükəsizliyini, ölkənin suverenliyini və bütövlükdə milli maraqlarını qorumağa məsuldur və qəbul edilən bütün qərarlarda ilk növbədə bu ali məqsədlərə xidmət edir. Hökumətin qərarına, vətəndaşların sağlamlıqlarının qorunması müstəvisindən yanaşılanda, qeyd etməliyəm ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 13-cü Qlobal Bakı Forumunda ölkələri gələcək pandemiyalara hazırlıq və qlobal əməkdaşlığın gücləndirilməsinə daha çox diqqət yetirməyə çağırdı. Xatırladım ki, ÜST rəhbərinin bu fikirləri dünyanın nüfuzlu elm adamlarının və təsisatlarının son açıqlama və hesablamalarına söykənir".

Parlamentarinin fikrincə, elm adamları “X xəstəliyi” adlandlandıqları pandemiyanın baş verə biləcəyi ehtimalını istisna etmirlər: "Bütün bu məlumatlar yeni pandemiyanın baş verə biləcəyi ehtimalının potensial risk kimi dəyərləndirilməsini zəruri edir ki, bu da ölkə qanunvericiliyinin hökumət qarşısında qoyduğu vəzifələr çərçivəsində önləyici addımlar atmasını zəruri edir.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişən geosiyasi reallıqlar, regional münaqişələr, transmilli təhlükələr və hibrid təhdidlərlə xarakterizə olunur. Belə bir şəraitdə dövlətlərin təhlükəsizlik strategiyaları klassik sərhəd anlayışından daha geniş müstəviyə çıxır və siyasi, sosial, iqtisadi, hətta ideoloji təhlükəsizlik ölçülərini əhatə edən konseptual yanaşma tələb edir. Azərbaycanın quru sərhədlərinin hələlik bağlı saxlanılmasını da məhz bu geniş təhlükəsizlik arxitekturasının tərkib hissəsi kimi qiymətləndirmək lazımdır

Həmçinin nəzərə almaq lazımdır ki, ətrafımızda, bütövlükdə isə Yaxın və Orta Şərqdə, Şərqi Avropada baş verən hərbi-siyasi böhranlar dövlətlərin sərhəd siyasətinə daha həssas yanaşmasını zəruri edir. Müasir dünyada dövlətin əsas vəzifəsi vətəndaşın təhlükəsizliyini təmin etməkdir və bu, iqtisadi və sosial arqumentlərdən daha üstün, həyati əhəmiyyət daşıyan prioritet sayılır. Digər tərəfdən, dünya artıq yalnız hərbi deyil, bioloji və humanitar risklərin də strateji faktor olduğunu qəbul edir. Azərbaycanın sərhəd siyasəti də situativ yox, mərhələli və təhlükənin real qiymətləndirilməsinə əsaslanan qərar modelinə söykənir. Dövlət preventiv yanaşmanı seçir və risk baş verməzdən əvvəl onun qarşısını almağa üstünlük verir".

Deputat onu da qeyd edib, dövlət idarəçiliyində populizm və strateji planlaşdırma arasında ciddi fərq var: "Sərhədlərin açılması məsələsi yalnız ictimai rəyin emosional gözləntilərinə əsaslana bilməz. Bu, kompleks təhlükəsizlik analizinin, kəşfiyyat məlumatlarının, regional proseslərin və ciddi şəkildə təhlil olunmuş, ictimaiyyət üçün qapalı olan informasiyaların nəticəsi olaraq qiymətləndirilməlidir.
Azərbaycanın sərhədlərinin bağlı saxlanılması müasir təhlükəsizlik çağırışlarına adekvat cavab və regional qeyri-müəyyənlik şəraitində strateji ehtiyatlılıq xəttidir. Dövlətin əsas məqsədi sabitlik, təhlükəsizlik və uzunmüddətli inkişafdır. Bu kontekstdə sərhəd siyasəti taktiki qərar deyil, milli təhlükəsizlik doktrinasının tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Ötən hər gün Azərbaycan dövlətinin quru sərhədlərinin bağlı saxlanılması barədə qərarının nə qədər uzaqgörən və strateji qərar olduğunu təsdiqləyir".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr