İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə ona orta əməkhaqqı da ödənilir. “Sonuncu əməkhaqqı” dedikdə işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. (Əgər məzuniyyətin verildiyi aydan əvvəlki aylarda işçi qismən ödənişli sosial məzuniyyətdə və ya öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olubsa, yaxud onun təqsiri olmadan boşdayanma səbəblərindən işləməyibsə və ya tam işləməyibsə, bu zaman həmin aylar yaxın dövrdəki tam işlənilən təqvim ayları ilə əvəz olunur).
Məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əməkhaqqı isə həmin ayların əməkhaqqının cəmlənmiş məbləğinin 12-yə bölünməsi ilə müəyyən edilir.
“Alınmış məbləğin ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölünməsi yolu ilə birgünlük əməkhaqqı hesablanır. Daha sonra həmin məbləğ məzuniyyət günlərinin sayına vurulur. Bu zaman alınan məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərinin təsadüf etdiyi iş günləri üzrə əməkhaqqı məbləği ilə müqayisə edilir. Nəticədə alınan məbləğ işçinin sonuncu əməkhaqqından çox olduqda da məzuniyyət haqqı kimi işçiyə ödənilir, az olduqda isə işçinin sonuncu əməkhaqqına çatdırılaraq ona ödənilir”,- deyə məlumatda bildirilir.