AZ

Trampın Xarq adası planı: Dünya müharibəsinə aparan təhlükəli ssenari

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdə gərginlik yeni və daha təhlükəli mərhələyə qədəm qoyur. Son günlər ABŞ administrasiyasında İranın əsas enerji arteriyası sayılan Xarq adasının ələ keçirilməsi planının müzakirə olunması regionda müharibənin miqyasının genişlənə biləcəyi ilə bağlı ciddi narahatlıqlar yaradır. Bu planın əsas məqsədi isə açıq şəkildə İranın iqtisadi damarını kəsmək və Tehranı maliyyə resurslarından məhrum etməkdir.

Məlumatlara görə, Donald Tramp bu ideyanı strateji təzyiq aləti kimi nəzərdən keçirir. Çünki Hörmüz boğazı yaxınlığında yerləşən Xarq adası İranın xam neft ixracının əsas qovşağı hesab olunur. Başqa sözlə desək, bu ada Tehran üçün təkcə logistika mərkəzi deyil, həm də dövlət büdcəsinin əsas maliyyə arteriyasıdır. Bu səbəbdən adaya nəzarət faktiki olaraq İran iqtisadiyyatının “boğazını sıxmaq” demək olardı.

Trampın hesablaması sadədir: əgər Xarq adası nəzarətə götürülərsə, Tehran rejimi maliyyə mənbələrindən məhrum olacaq və bu, müharibənin taleyini Vaşinqtonun xeyrinə dəyişəcək. Belə bir ssenaridə Tramp bunu strateji qələbə kimi təqdim edərək müharibənin dayandırıldığını elan edə bilər. Yəni planın mahiyyəti təkcə hərbi deyil, həm də siyasi və psixoloji üstünlük əldə etməkdir.

Lakin bu planın həyata keçirilməsi düşündüyündən qat-qat mürəkkəbdir. ABŞ yaxşı anlayır ki, Xarq adasının ələ keçirilməsi sadəcə hava zərbələri ilə mümkün deyil. Bu, quru əməliyyatı tələb edən son dərəcə riskli hərbi kampaniya deməkdir. Bu isə avtomatik olaraq müharibənin miqyasını genişləndirə və regional qarşıdurmanı daha böyük geosiyasi müharibəyə çevirə bilər.

Məhz buna görə də Vaşinqton “Hörmüz koalisiyası” yaratmaq ideyası üzərində işləyir. ABŞ administrasiyası həm NATO üzvlərini, həm də enerji baxımından regiondan asılı olan dövlətləri bu koalisiyaya cəlb etməyə çalışır. Bu kontekstdə Avropa ölkələri və xüsusilə də enerji baxımından Çinin prosesə daxil edilməsi planın əsas elementlərindən biridir.

Vaşinqtonun arqumenti aydındır: Hörmüz boğazından istifadə edən ölkələr onun təhlükəsizliyinin təmin edilməsində də məsuliyyət daşımalıdır. Trampın Avropa və NATO ölkələrinə yönəlik sərt bəyanatları da məhz bu məqsədə xidmət edir. ABŞ prezidenti açıq şəkildə bildirib ki, müttəfiqlər bu prosesə qoşulmasa, bu, NATO-nun gələcəyi üçün ciddi suallar yarada bilər.

Lakin real vəziyyət göstərir ki, heç bir böyük dövlət bu riskli ssenaridə açıq şəkildə önə çıxmaq istəmir. Çünki Xarq adası əməliyyatı sadəcə lokal hərbi addım deyil, regionun bütün təhlükəsizlik balansını dəyişə biləcək addımdır. İranın cavab reaksiyası isə təkcə ABŞ-a qarşı deyil, həm də Fars körfəzində yerləşən enerji infrastrukturlarına və xüsusilə Səudiyyə Ərəbistanı kimi ölkələrə qarşı yönələ bilər.

Belə bir ssenari isə qlobal enerji bazarını sarsıdacaq zəncirvari reaksiyaya səbəb ola bilər. Neft və qaz təchizatında ciddi pozuntular baş verər, dünya iqtisadiyyatı yeni böhran dalğası ilə üzləşər. Bu halda müharibə artıq regional qarşıdurma çərçivəsindən çıxaraq qlobal miqyaslı böhrana çevrilə bilər.

Ən təhlükəli məqam isə budur ki, bu ssenari müəyyən mənada həm Vaşinqtonun, həm də Tehranın strateji hesablamalarına uyğun gəlir. ABŞ İranın iqtisadi imkanlarını məhv etməyə çalışırsa, Tehran da müharibənin coğrafiyasının genişlənməsini istəyir. Çünki qarşıdurmanın böyüməsi böyük dövlətləri prosesə daha dərindən cəlb edə bilər.

Bu isə regionu qlobal güclərin açıq qarşıdurma meydanına çevirə bilər. Belə bir vəziyyətdə Xarq adası uğrunda mümkün hərbi əməliyyat artıq təkcə bir adaya nəzarət məsələsi olmayacaq. Bu, dünya siyasətində yeni və daha təhlükəli mərhələnin başlanğıcı kimi tarixə düşə bilər.

Başqa sözlə, Xarq adası planı həyata keçirilərsə, bu addım təkcə İranın enerji damarına zərbə vurmaqla bitməyəcək. Bu, qlobal təhlükəsizlik sistemini sarsıda biləcək və hətta yeni dünya müharibəsinin qığılcımına çevrilə biləcək riskli geosiyasi oyunun, Üçüncü Dünya Müharibəsi başlanğıcı ola bilər.

Bu gün Üçüncü Dünya Müharibəsi ehtimalından çox danaışılır, bax, Xarq adası uğrunda mübarizə Üçüncü  Dünya Müharibəsini ssenarisini reallaşdıra bilər. Bu ehtimal böyükdür.  Çünki böhranın dərinləşməsinə Çin və digər güclər uzun müddət biganə qala bilməz. Bu səbəbdən həmin əraziyə nəzarət uğrunda mümkün hərbi əməliyyat avtomatik olaraq dünyanın əsas enerji və təhlükəsizlik maraqları olan böyük dövlətlərini prosesə cəlb edə bilər. Belə bir addımın atılması münaqişəni regional çərçivədən çıxararaq daha geniş geosiyasi qarşıdurmaya çevirə bilər ki, bu da nəticə etibarı ilə Üçüncü Dünya Müharibəsi ilə nəticələnər.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
olke.az

10Mənbələr