Xaqani Cəfərli: "ABŞ-la yaxşı münasibətlər olmadan texnoloji, deməli, həm də iqtisadi cəhətdən inkişaf etməyin mümkün olmayacağı bir dünyaya qədəm qoyuruq"
İranın atdığı raketlərdən biri İtaliyanın İraqın Ərbil şəhərindəki hərbi bazasına düşüb. Bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb: “Raket Ərbildəki bazamıza düşüb. İtaliya hərbi heyəti arasında ölən və yaralanan yoxdur. Hər şey təhlükəsizlikdədir”.
İran İraq Kürdüstanının Ərbil şəhırindəki ABŞ və onun müttəfiqlərinin bazalarını vurur. İtaliya, öz əsgərlərini bölgədən çıxartdı. Nə baş verir? ABŞ İraqda bütün müttəfiqlırini itirə və təklənə bilırmi?
İranın Ərbil şəhərində yerləşən hərbi obyektlərə raket zərbələri endirməsi bölgədə gərginliyin artdığını göstərir. Ərbil ətrafındakı bazalarda yalnız ABŞ qüvvələri deyil, həm də müxtəlif müttəfiq ölkələrin hərbçiləri yerləşir. Raketlərdən birinin İtaliyaya məxsus hərbi bazaya düşməsi hadisənin beynəlxalq miqyas aldığını göstərir. Bununla belə, İtaliya hərbçiləri arasında itki olmaması vəziyyətin daha da kəskinləşməsinin qarşısını qismən alır.
Belə hallarda bəzi ölkələr təhlükəsizlik səbəbindən öz hərbçilərini müvəqqəti olaraq bölgədən çıxara və ya sayını azalda bilər. Bu, adətən risklərin azaldılması üçün atılan taktiki addım olur. Buna görə də İtaliyanın əsgərlərini bölgədən çıxarması ABŞ-la müttəfiqliyin bitməsi demək deyil.
İraq uzun müddətdir regional və qlobal güclərin rəqabət məkanına çevrilib. ABŞ ölkədə əsasən terrorla mübarizə və yerli təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə fəaliyyət göstərir. İran isə regionda öz təsirini qorumağa çalışır və buna görə ABŞ-ın hərbi mövcudluğuna qarşı çıxır. Bu rəqabət səbəbindən zaman-zaman raket hücumları və digər gərginliklər baş verir.
Mövcud vəziyyət ABŞ-ın İraqda bütün müttəfiqlərini itirməsi və tam təklənməsi anlamına gəlmir. NATO ölkələrinin və beynəlxalq koalisiyanın bir hissəsi müxtəlif formalarda əməkdaşlığı davam etdirir. Lakin təhlükəsizlik riskləri artdıqca bəzi müttəfiqlər daha ehtiyatlı davranaraq fəaliyyətlərini müvəqqəti məhdudlaşdıra bilər. Bu isə daha çox taktiki qərar kimi qiymətləndirilir və regiondakı ümumi geosiyasi qarşıdurmanın bir hissəsidir.
Politoloq Xaqani Cəfərli "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, Avropa dövlətləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından məsafə saxlamağa çalışır. İtaliyanın öz əsgərlərini bölgədən çıxartması da bunun nəticəsidir: "Bu ABŞ-ın təklənməsi anlamına gələ bilməz. Üstəlik, ABŞ-ın hazırkı siyasi, iqtisadi və hərbi gücü imkan verir ki, isətənilən əməliyyatı müttəfiqləri olmadan həyata keçirə bilsin. Digər tərəfdən, ABŞ-ın müttəfiqlərə olan ehtiyacı müttəfiqlərinin ABŞ-a ehtiyacından çox azdır".
Politoloqun fikrincə, kəmağıl Putinin “fatehliyi” nəticəsində dünyada ABŞ-ın mövqeyi 24 fevral 2022-ci ildən öncəki mövqeyi ilə müqayisədə daha da güclənib. Üstəlik, ABŞ texnoloji sıçrayış ərəfəsindədir və müttəfqiləri bunu bilirlər. ABŞ-la yaxşı münasibətlər olmadan texnoloji - deməli, həm də iqtisadi cəhətdən inkişaf etməyin mümkün olmayacağı bir dünyaya qədəm qoyuruq. Çox yaxın tarixdə bəşəriyyət buna şahid olacaq.
Akif NƏSİRLİ